Qadin.NET / Dünyanın ən yaşlı insanı ölkəmizdə yaşayır?

Dünyanın ən yaşlı insanı ölkəmizdə yaşayır?

Üç əsrin acısını-şirinini yaşayan Gözəl nənə 1889-cu ildə Şamaxıda anadan olub.

Milli.Az El TV-yə istinadən bildirir ki, hazırda Ağdaşın Orta Qəsl kəndində yaşayan nənə ömrünün maraqlı məqamlarından, eləcə də zaman-zaman ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən söz açır.
O, ermənilərin 1918-ci ildə azərbaycanlılara tutduğu divanı, həmvətənlərimizə verdikləri işgəncələri gözləri ilə gördüyünü bildirir. 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində arxa cəbhədə insanların necə aclıq keçirdiyini və xəstəlikdən əziyyət çəkdiyini gözləri önündə canlandırır. Lakin o, bu barədə danışmaq istəmir. 

Gözəl nənənin ailəsi kasıb və zəhmətkeş olub. O, övladlarını çox çətinliklə böyüdüb. Gözəl nənə təxminən 90 il kolxozda işləyib. Üzüm, pambıq, taxıl yetişdirib. Gənclik illərində tüfənglə sərrast atəş açdığını, yaxşı at çapdığını deyən Gözəl nənə uzun müddət yaylaq və qışlaqda mal-qara bəsləyib. Uzun illər dərzilik də edən Gözəl nənə həmişə kəndin qızlarının cehizlik yorğan-döşəyini hazırlayıb, xalça toxuyub, paltar tikib. 
Nənə hazırda nəvə-nəticələrinin, kötükcələrinin ağbirçəyi olaraq böyük bir nəslə rəhbərlik edir. Onun  5 övladı, 10 nəvəsi, 19 nəticəsi, 7 kötükcəsi var. Nənənin 83 yaşlı gəlini Reyhan Dadaşova onunla hec vaxt söz-söhbətlərinin olmadığını deyir. İndiyədək bir dəfə də olsun səhhəti ilə bağlı həkimə müraciət etməyən 125 yaşlı nənə heç bir dərman preparatı da qəbul etməyib. O, özünü sağlam hiss edir. Yalnız gözlərində problem var. 
Gözəl nənə xarici görünüşünə görə, onunla birgə yaşayan 83 yaşlı gəlinindən də cavan görünür. Onun ailəsi əmindir ki, əgər 125  yaşlı Gözəl nənənin adının Ginnesin Rekordlar Kitabına salınması üçün müraciət edilsə və onun yaşını metrik ölçülərlə yoxlasalar, onun planetin ən qoca sakini olması faktı təsdiqlənər. Gözəl nənə 125 illik yubileyinin qeyd olunmasını istəyir. 
Mənbə: Milli.Az

19 oktyabr 2014
GO BACK