Qadin.NET / Doğuş sonrası depressiya: nə etməli?

Doğuş sonrası depressiya: nə etməli?

Doğuş sonrası depressiya ağır şəkildə olub, hətta bir il davam edə bilər. Ana olmaq gözəl hissdir. Övadını qucağına almaq, onun qoxusunu içinə çəkmək, bağrına basmaq hər bir qadının arzusudur. Bəzən isə qadınlar bu arzusuna çatandan sonra dəyişir, övladı ilə kobud davranır, ona sevgisizlik göstərirlər. Mütəxəssislərin fikrincə, buna səbəb hormonlardır. Hormonlarda olan dəyişikliklərlə bağlı doğuşdan sonra hər 10 qadından biri doğuş depressiyası yaşayır. Bu hal adətən doğuşdan dörd həftə sonra özünü göstərməyə başlayır.Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, doğuşdan 4 həftə sonra qadınlarda şiddətli hüzn, boşluq duyğusu, laqeydlik əmələ gəlir. Qadın ailəsi və dostlarıyla bir yerdə olmaqdan qaçır. Daimi yorğunluq, yuxusuzluq və əsəb gərginliyi yaşamağa başlayır. Doğuş depressiyası yaşayan qadınlarda həddən artıq çox yemə və ya iştahsızlıq yaranır. Qadın çatışmazlıq və uğursuzluq duyğusu yaşayır. "Doğuşdan sonra bir çox qadınlar bu halı yaşayır. Əvvəlcə uşağa nəsə olacağından, daha sonra uşaq ağlayarsa, səsini eşidə bilməmə qorxusu yaşayır. Uşağa zərər verə biləcəyindən qorxan ana övladına yaxın durmur, intihar etmək barədə düşünür. Ona elə gəlir ki, bu, həyatın sonudur. Yeni ana olan qadın nəyin normal olub-olmadığını, nəyi gözləməyin lazım olduğunu başa düşə bilmir".Əvvəllər də depressiya yaşayan, həyat yoldaşı ilə problemi olan, sosial əlaqələri az olan, hamiləliyi və doğuşu travmatik keçən insanlar daha tez doğuş sonrası depressiyaya düşə bilirlər. Müsahibimiz bildirir ki, doğum sonrası depressiyanı doğuşdan sonra yaşanan "postpartum blu" - zahılıq gərginliyi ilə qarışdırmamaq lazımdır. Zahılıq gərginliyi doğuşdan sonra 70 faiz qadınlarda müşahidə edilir. Zahılıq gərginliyi yaşayan analarda kədər, narahatlıq halı, asan və tez-tez ağlama, ən yaxınlarından asılılıq müşahidə edilir. Bu vəziyyət 10 gün davam edir və tezliklə keçir."Qadında doğuşla birlikdə inkişaf edən hormonal dəyişikliklər, doğuş müddəti və körpə ilə əlaqəli narahatlıqlar və analıq rolunun qadına gətirdiyi məsuliyyətlərin fərqindəliyi sayıla bilər. Depressiya ağır şəkildə olub, bir il belə davam edə bilər. Müalicə alan qadınlarda isə bu hal 3 aya keçir. Bu ərəfədə ana demək olar ki, körpəsi ilə çox az maraqlanır".Mütəxəssislər hesab edirlər ki, ailəsində "doğuş sonrası depressiya" keçirmiş qadınların bu depressiayaya düşmə riski daha böyükdür. Ana südü ilə qidalandırma da qadını depressiyaya sala bilər. Ana südü verən qadınlar özlərinə ayıracaq zamanlarının çox az olması, əmizdirmə səbəbiylə yuxusuz qalmaları, dərman istifadə etmələri lazım olduğunda körpəyə zərəri olacaq narahatlığı bildikləri üçün stresə girirlər. Bununla yanaşı ana südünün sürətlə kəsilməsinin bəzi hormonal dəyişikliklərə səbəb olduğu da müəyyən edilib. Belə ki, ana südü kəsilən 51 qadından 83 faizinin depressiyaya düşdüyü müəyyən edilib.Doğuş sonrası depressiya çox müşahidə edilsə də, mütəxəssislər konkret diaqnoz qoymaqda çətinlik çəkirlər.Psixoloq deyir ki, adətən erkən yaşda ana olan qadınlar bu problemi daha çox yaşayırlar. Onlarda bu risk 30 faiz, keçmişdə depressiya yaşayan xanımlarda 25 faiz, daha əvvəlki doğuşunda depressiya yaşayanlarda isə bu risk 85 faizdir."Qadınlar hamiləlyin normal fizioloji bir hadisə olduğunu ağıllarından çıxarmamalıdır. Yeni bir körpəylə baş-başa qalmaq, ona baxmaq yeni doğum etmiş anaları narahat edir. Aylardır gözlədiyi körpə yanındadır, amma başqa bir varlıqdır - kiçik, danışa bilmir, istədiyini izah edə bilmir və ağlayır. Onu əmizdirmək, təmizləmək, qazını çıxarmaq kimi işlər sizi gözləyir. Tam fərqli bir səhifə açılıb. Analığın ilk addımlarını atmaqda, onunla yaşamağı öyrənməkdə, onu tanımaq, özünüzü ona tanıtdırmaq dövrünü yaşayırsınız. Bu dövrü rahat keçirmək üçün doğuşdan əvvəl müəyyən təhsil qruplarına qatılmaq, lazımi sənədləri oxumaq çox faydalıdır. Bununla yanaşı sizi narahat edən fizioloji və psixoloji problemlərinizi mütləq həkiminizlə bölüşməlisiniz".Doğuş sonrası depressiya hər 7 anadan birində doğuşun ilk 3 ayında müşahidə edilir. Bəzilərində isə bu 3-cü aydan sonra da başlaya bilər. Doğum sonrası depressiyanın qarşısını vaxtında ala bilmək üçün psixoloqunuzla söhbət etməli, sizi narahat edən ana səbəbləri aradan qaldırmağa çalışmalısınız.Doğuş sonrası depressiya yaşayan analar üçün ən əhəmiyyətli dəstək həyat yoldaşının verdiyi dəstəkdir. Lakin bu vəziyyətin atalar üçün də qorxulu olduğunu unutmayın. Ona görə də ataların bu vəziyyətdə nə edə biləcəklərini bilməmələri normaldır. 
Mənbə:Milli.AZ
19 oktyabr 2014
GO BACK