Bakının mərkəzi küçələrinin yüklənməsi problemi gündən-günə daha da sərtləşir. Sürücülər və sərnişinlər şəhərdəki tıxaclardan hər gün şikayətlənirlər. İnsanların əsəbləri artıq tab gətirmir.
Vətəndaşlar nəqliyyatçıları günahlandırırlar ki, tikilən parkinq yerləri avtomobil axını qarşısında acizdir.
Günü-gündən böyüyən şəhərdə tıxac problemini tamamilə həll etmək real görünmür. Dünyanın heç bir meqapolisində tıxaclardan tam xilas olmaq kimi bir təcrübə yoxdur.
Şəhər icra hakimiyyəti də yerində durmur, öz vasitələri ilə problemi həll etməyə çalışır. Misal üçün, şəhərdə 4 yeraltı və yerüstü parkinq tikilərək istifadəyə verilib.
Bu yaxınlarda Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə "Parkomat" layihəsi reallaşmağa başlayıb.
Düzdür, küçələrin yüklənməsi problemi hələ də düzəlməyib. Nəyə görə? Çünki qeyri-qanuni parkinq yerləri hələ də qalır. Hətta bu yerlər qanuniləşdirilir.
Milli.Az xəbər verir ki, şəhər hakimiyyəti bu metodla kifayətlənməyə hazırlaşmır. İcra hakimiyyətindəki mənbədən Day.az-a bildiriblər ki, Bakıda parkonlar - hərəkət edən foto-video fiksasiya kompleksi də olacaq. Parkonlar yol patrul xidməti avtomobillərində quraşdırılacaq. Bu avadanlıqlarda insan faktoru tamamilə kənarlaşdırılıb.
Bir çox ölkələrdə artıq belə təcrübə tətbiq olunur. Parkonun iş prinsipi belədir: avadanlıq quraşdırılmış avtomobil qeyri-qanuni park edilmiş maşınların yanından keçir və bu zaman bütün maşınların görüntülərini qeydə alır. Avtomatik olaraq qayda pozuntusu ilə bağlı protokol tərtib edilir. Üç gün ərzində avtomobil sahibinin ünvanına cərimə ilə bağlı qəbz göndərilir.
Mənbə:Milli.Az