Qadin.NET / Dünyada ilk 40 ölkə arasındayıq

Dünyada ilk 40 ölkə arasındayıq

 

Dünyada ilk 40 ölkə arasındayıq

Oktyabrın 16-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomunun təntənəli təqdim edilməsi mərasimi keçirilib.Prezident İlham Əliyevi universitetin tələbələri duz-çörəklə qarşıladılar.
Əvvəlcə dövlətimizin başçısı universitetin bitkilərin öyrənilməsi üzrə elmi-tədqiqat mərkəzinin fəaliyyətini əks etdirən sərgi ilə tanış oldu. Bildirildi ki, bu mərkəzdə bitkilərdən təbabətdə istifadə olunan müxtəlif müalicəvi vasitələr hazırlanır
Prezident İlham Əliyevə ali təhsil ocağının kitab fondunda saxlanılan qədim əlyazmalar haqqında da məlumat verildi. Burada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan bir neçə əsərin orta əsrlərə aid əlyazmaları da var.
Sərgidə, həmçinin ümummilli lider Heydər Əliyev, Azərbaycan və Tacikistan prezidentləri İlham Əliyev və Emoməli Rəhmon haqqında kitablar nümayiş olunur.
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyev haqqında tacik dilində çap olunmuş kitabı imzaladı.
Sonra Fəxri Doktor diplomunun təqdimat mərasimi oldu.
Dövlətimizin başçısı universitetin professor-müəllim heyəti və tələbələri qarşısında nitq söylədi.
Azərbaycan Prezidenti İlham Əliyevin
nitqi
- Əziz dostlar!
İlk növbədə Tacikistan Milli Universitetinə mənə bu universitetin Fəxri Doktoru adı verilməsinə görə dərin təşəkkürümü bildirmək istərdim. Bu, mənim üçün böyük şərəfdir və bunu təkcə mənim xidmətlərimə deyil, həm də ölkəmizə - Azərbaycana hörmət əlaməti hesab edirəm.
Yenidən qardaş Tacikistan torpağında olmağıma şadam. Bu, sizin ölkənizə mənim ikinci rəsmi səfərimdir. Dostum, qardaşım Emoməli Şərifoviç də Azərbaycanda iki dəfə rəsmi səfərdə olub. Bu, özlüyündə ölkələrimiz arasında münasibətlərin səviyyəsinin göstəricisidir.
Ölkələrimizi qədim tarixi əlaqələr bağlayır, xalqlarımız həmişə dost olub, bir-birini dəstəkləyib. Biz görkəmli əcdadlarımızla fəxr edirik. Tacikistanda Nizami Gəncəvinin yaradıcılığına böyük hörmətlə, diqqətlə yanaşılmasını biz Azərbaycanda çox yüksək qiymətləndiririk. Bu gün mənə böyük əcdadımızın qədim kitablarını nümayiş etdirdilər və mən bu imkandan istifadə etdim. İndi təsdiqləmək istəyirəm ki, Tacikistan Milli Universitetinin nümayəndə heyətini Azərbaycana, məhz Gəncə şəhərinə - böyük Nizaminin vətəninə gəlməyə, onun yaşadığı, yaratdığı və öz ölməz əsərlərini qələmə aldığı yerlərdə olmağa dəvət edirəm. Belə misallar çoxdur.Bizi mədəniyyətimizin ümumiliyi, müştərək sivilizasiya, ortaq tarix birləşdirir. Sevindirici haldır ki, müstəqillik dövründə biz əməkdaşlığımızın bütün bu müsbət elementlərini nəinki qoruyub saxlamış, həm də əməkdaşlıq potensialını artırmışıq. Lakin bu gün həm geniş tərkibdə, həm də Tacikistan Prezidenti ilə təkbətək görüş və danışıqlar çərçivəsində biz qarşılıqlı maraq doğuran, münasibətlərimizin gələcək inkişafını təyin edəcək məsələlərin çox geniş dairəsi barədə fikir mübadiləsi apardıq. Biz əməkdaşlığımızın potensialına eyni cür baxırıq və ölkələrimiz əlindən gələni etməlidirlər ki, əməkdaşlığımız daha da möhkəmlənsin, bir-birimizi dəstəkləyək, biznes qurumları səviyyəsində əlaqələr yaradaq, ölkələrimizdə həyata keçirilə biləcək layihələrə fəal qoşulaq. Başqa sözlə desək, uzun illər öncədən tamdəyərli əməkdaşlığı təmin edək. Bunun üçün baza var. Bu, xalqlarımızın qarşılıqlı rəğbəti, bizim ümumi tariximiz, tarixi keçmişimiz və bu gün əməkdaşlığı genişləndirmək, ölkələrimizi inkişaf etdirmək arzusudur.

 

Mənbə: ANS PRESS

17 oktyabr 2014
GO BACK