Qadin.NET / Bakıda valideyn dərdi

Bakıda valideyn dərdi

Oxucu Emin Əliyev Milli.Az-a şikayətlənib ki, Səbayel rayonunun Badamdar qəsəbəsində yerləşən "Könül" uşaq bağçası onun uşağının ümidlərini alt-üst edib:“2011-ci ildə qızım Məryəmin iki yaşı tamam olandan sonra onu yaşadığım ərazi üzrə bağçaya yazdırmaq istədim. Bir neçə bağçaya müraciət etdik, həmçinin “Könül” uşaq bağçasının müdiri Yasəmən İsmayılovaya. Bağçaların hamısında dedilər ki, yer yoxdur. Yasəmən xanım isə dedi ki, onun rəhbərlik etdiyi bağça "Neftçilər bağçasıdır" və bu bağçaya yalnız neftçilərin uşaqlarını qəbul edirlər. Bir müddət sonra uşaq bağçaları Bakı İcra Hakimiyyətinə verildi. Təkrar "Könül" bağçasına baş vurdum və Yasəmən xanım dedi ki, yer yoxdur, uşaqlar bağçada normadan artıqdır, amma bizi "gözləyənlər" siyahısına qeyd edə bilər. Bir müddət də keçdi, "Könül" bağçasında kapital təmir işləri aparıldı, bu il oktyabrın 1-i açıldı və mən iki gün sonra bağça müdirinin qəbuluna düşə bildim. Uşaqlarımı bağçaya yazdırmaq istədiyimi bildirdim, amma ənənəvi cavabla qarşılaşdım - "bir neçə aydan sonra müraciət edin". Ənənəvi dəftərçəyə ənənəvi yazılar qeyd olundu - uşaqlarım haqda qeydlər və mənim telefonum”.Valideyn məktubunda yazır ki, bu vaxta qədər artıq 5 yaşı olan qızını bağçaya qoya bilmir və xahiş edir ki, onun problemini həll edək.Bağçanın direktoru Yasəmən İsmayılova Milli.Az-a açıqlamasında bildirdi ki, məktəblə bağça eyni sistemli təhsil ocaqlarıdır. Uşaqlar qruplara götürülür və 6 yaşı tamam olanda məktəbə yola salınır. Artıq 4 yaşlı qrup dolub, həmin şikayətçinin uşağını hara yerləşdirim? Yeni korpus isə hələlik açılmayıb, buna baxmayaraq həmin korpusa da artıq uşaqlar yerləşdiriliblər.Direktorun sözlərinə görə, hazırda bağçaya uşağını düzəltmək istəyən 400-ə yaxın valideynin müraciəti var.Səbayel Rayon İcra hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov Milli.Az-a açıqlamasında bildirdi ki, Badamdar Səbail rayonunun bağçaya ən çox ehtiyacı olan qəsəbəsidir. Şöbə müdirinin sözlərinə görə, hazırda qəsəbədə 35-40 min nəfər arası əhali yaşayır, ona görə də bağçaya tələbat çoxdur. Məktəbə olan tələbat tam ödənib, bağça problemi isə var. İ.Kərimov dedi ki, “Könül” bağçası əsaslı təmirdən çıxıb və 90 yerlik əlavə korpus tikilib.

Mənbə: Milli.Az

16 oktyabr 2014
GO BACK