Sosial ipoteka kreditinin şərtləri yenidən müzakirə olunacaq.ANS TV-nin məlumatına görə, hazırda ölkədə minlərlə insanın mənzil növbəsinə durduğunu nəzərə alsaq 2015-ci ilin dövlət büdcəsində ipoteka krediti üçün ayrılan 50 mln. manat çox aşağı rəqəmdir. Bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyir. Onun sözlərinə görə, bu vəsait cəmi 800 ailənin mənzillə təmin olunması deməkdir. Bu isə evə ehtiyacı olanların çox az bir hissəsidir. O hesab edir ki, bu vəsait minimum 80 -100 mln manat arasında olmalıdır və büdcə müzakirəsi zamanı ipoteka kreditləri ilə bağlı məsələyə yenidən diqqət yetiriləcək. Əsas məqsəd şərtlərin dəyişdirilməsidir.Millət vəkilinin fikrincə ölkədə əhalinin ev problemini həll etmək üçün xüsusi mənzil proqramının qəbul olunmasına ehtiyac var. Bu zaman tək paytaxt və iri şəhərlərdə deyil, regionlarda da ev ehtiyacı olanların problemi həll oluna bilər.
Mənbə: ANS PRESS