Qadin.NET / "Xoş gəldin"in yaşayışı "xoş getdin" deyir

"Xoş gəldin"in yaşayışı "xoş getdin" deyir

 

Qarşıdan soyuq fəslin gəlməsi yayda unudulan qaz problemini yenidən yada salır. Yeni yaşayış massivində özlərinə yuva quran insanlar orada əzab çəkirlər. Əzab isə soyuq havalarda evlərini qaz olmadan qızdıra bilməmələridir.

Qobu qəsəbəsinin sakinləri Milli.Az-a yazırlar ki, yeganə ölkəyik ki, vətəndaş öz problemini gündəmə gətirməsə, heç bir dövlət məmurunun xəbəri olmaz: ““Xoş gəldin” yeni yaşayış massivinin Ziya Bünyadov küçəsində artıq 6 ildir ki, dövlətimizin təbii sərvəti olan qaz üzünə həsrətik. Bu neçə ildə ev şəraitində təhlükəli olan qaz balonlarından qorxa-qorxa istifadə etməklə yaşayırıq. Lazımi qurumlara da lazımi ərizələr vermişik, amma nə fayda, elə bil Azərbaycanda bizim kimi insanlar yerli-dibli yoxdur. Artıq soyuqlar başlayıb, qazsız çox əziyyət çəkirik. Evlərimizdə yaşlı insandan tutmuş körpəyəcən var, qaz olmadığından sakinlər tez-tez xəstələnirlər, xəstəni həkimə çatdırmaq özü böyük bir problemdir. Sizdən çox xahiş edirik, bizim problemimizi öz probleminiz bilərək gündəmə gətirəsiz”.
“Azəriqaz” İstehsalat Birliyinin Qaz Təsərrüfatı İstismarı Şöbəsinin rəisi Vaqif Namazov Milli.Az-a açıqlamasında bildirdi ki, Qobu qəsəbəsi tamamilə qazlaşdırılıb. Qazlaşdırılmamış ərazi yeni yaşayış massivləridir. Şöbə rəisinin sözlərinə görə, yeni yaşayış massivlərinin qazlaşdırılması vətəndaşların öz vəsaitləri hesabına aparılacaq.

Gülər.
Mənbə: Milli.Az

 

15 oktyabr 2014
GO BACK