Ekoloq əhaliyə satılan qazın təmizlənmədiyini deyir, "Azəriqaz" isə abonentləri ittiham edir...
Havalar soyuduqca dəm qazından zəhərlənmə halları da artır. Buna misal olaraq gün ərzində aidiyyatı qurumların yaydığı məlumatları göstərmək olar. Statistika Komitəsində dəm qazından zəhərlənərək dünyasını dəyişən insanların statistikası olmasa da, mətbuatda bu haqda məlumatlar yetərincədir. Məsələn, bu ilin qış ayları ərzində dəm qazından zəhərlənənlərin təxmini sayı bəllidir. "Bu ilin yanvarın 1-dən aprelin 29-dək Bakıda dəm qazından zəhərlənməyə görə, təcili yardıma 860 müraciət daxil olub", - Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova belə deyib. Onun sözlərinə görə, müraciətlər paytaxtın müxtəlif ərazilərini əhatə edib: "622 nəfər xəstəxanaya yerləşdirilib. Digərlərinə isə ev şəraitində yardım göstərilib".
Daxili İşlər Nazirliyinin saytında bir neçə gün öncə belə bir xəbər yer almışdı: "Oktyabrın 10-da Kürdəmir rayon sakini Hasil Mirzəliyev evində dəm qazından zəhərlənərək ölüb".
Nazirliyin saytında yer alan daha bir xəbərdə isə deyilir ki, Leylaxanım Vüqar qızı isə Yasamal rayonu ərazisində kirayədə yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Bakı Şəhər Təcili və Tibbi Yardım Stansiyasının (BTTYS) baş həkimi Oktay Şahmalıyev bizimyol.info-ya bildirdi ki, dəm qazından zəhərlənmələrlə bağlı stansiyaya müraciətlər edilməyə başlayıb: "Hələ ki, həmin müraciətlər çox azdır. Ancaq hər il müşahidə edirik ki, müraciətlər daha çox qış aylarında olur. Hələ ki, havalar çox soyumadığından tək-tək müraciətlər olur".
Hər il yüzlərlə insanın ölümünə və ya zəhərlənməsinə səbəb nədir?
Ekoloji Proqnozlar Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov deyir ki, havalar soyuyandan həm evlərə verilən qazın miqdarı azalıb, həm də keyfiyyəti: "Bu yaxınlarda az qalmışdı, qızım dəm qazından boğula. Səbəb isə verilən qazın təmizlənməmiş olmasıdır. Əgər bu insanlar əhalini qırmaq niyyətindədirlərsə, o zaman fikirlərini açıq-açıq desinlər. Yox, əhaliyə təmiz qaz vermək istəyirlərsə, o zaman öhdəliklərini lazımi şəkildə yerinə yetirsinlər".
T. Zeynalov deyir ki, evlərə verilən qaz neftdən ayrılıbsa, mütləq təmizlənməlidir. Çünki onun tərkibində insan orqanizminə ziyan olan müxtəlif komponentlər var: "Həmin qaz təmizlənməli, ondan tərtəmiz metan qazı alınmalıdır. Ondan sonra camaatın istifadəsinə verilməlidir. Qaz hasilatı ilə məşğul olanlar yaxşı bilirLƏR. Neftdən alınan qazın tərkibində cürbəcür kimyəvi elementlər olur. Onlar təmizlənməlidir. Yoxsa istifadə zamanı kimyəvi elementlərlə qaz reaksiyaya girəndə dəhşətli, zəhərli dəm qazı yaradır. Bu da insanların ölümü ilə nəticələnən zəhərlənmələrə gətirib çıxarır".
Ekspert hesab edir ki, bunun qarşısını almaq üçün evlərdə hansısa qurğuların quraşdırılması, müdaxilələrin edilməsi yolverilməzdir: "Belə halların qarşısını sadə camaat almamalıdır. Bu, Fövqəladə Hallar Nazirliyinin işidir. Nazirlik sərəncam verməli və evlərə, həyətlərə verilən qazı nəzarətinə götürməlidir. Ki, sadə camaatın istifadəsinə verilən qaz təmiz olsun. Və həmin qazı nazirlik mütəmadi olaraq nəzarətdə saxlamalıdır. Üstəlik, çirkli qazın istifadəyə verilməsinə göz yumanların da lazımi şəkildə cəzalandırılması istiqamətində tədbirlər görülməlidir".
Problem istifadəyə verilən qazın tərkibindədirmi?
"Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayev "Bizim Yol" qəzetinə bildirdi ki, çalışdığı qurum qazın satışı ilə məşğul olduğundan tərkib haqqında ətraflı məlumat verə bilmir: "Məncə, bununla bağlı Dövlət Neft Şirkətindən soruşa bilərsiniz. Ancaq qazın keyfiyyəti ilə bağlı qısaca onu deyə bilərəm ki, bu dövlətlərarası standartların tələblərinə tam uyğundur. Biz yayda da, qışda da əhaliyə eyni tərkibli qaz veririk. Fikir vermisinizmi, yayda bu cür hadisələrə rast gəlinmir. Zəhərlənmələr və ölüm halları daha çox qış aylarında baş verir. Problem qazın tərkibində olsaydı zəhərlənmə və ölüm halları yayda da olardı".
"Azəriqaz" rəsmisi: "Hər bir abonent özü öz təhlükəsizliyinin təminatçısı olmalıdır"
A. Ağayev bu halların günahını istifadəçilərdə görür. Deyir onlar tüstü bacalarını vaxtında təmizləsələr və təhlükəsizlik məsələlərinə əməl etsələr, belə hadisələr də olmaz: "Tüstü bacalarının təmizlənməsi abonentlərin öhdəliyidir. Ancaq çox vaxt buna əməl olunmur. Bundan əlavə, çox adam evində qeyri-standart, kustar üsullarla hazırlanmış qaz qurğularından istifadə edir. Əslində isə hər bir abonent özü öz təhlükəsizliyinin təminatçısı olmalıdır. Baş verənlərin qazın tərkibi ilə heç bir əlaqəsi yoxdur".
Araz Ağayev onu da dedi ki, evlərə verilən qazın tərkibi qonşu ölkələrə idxal olunan qazın tərkibi ilə eynidir. Ancaq indiyə qədər xaricdən qazın tərkibinin pis olması ilə bağlı hər hansı bir irad almayıblar: "Bizdəki problem tüstü bacalarının vaxtında təmizlənməməsi, qeyri-standart qaz cihazlarından istifadə, mətbəx və hamam otaqlarında tikinti normalarının pozulmasıdır.
Dəm qazından zəhərlənmələrlə bağlı Respublika Toksikoloji mərkəzinin şöbə müdiri Azər Maqsudov da açıqlama verib. O, bu cür zəhərlənmə hallarında nə etmək lazım olduğunu deyib:
"Kimyəvi adı karbon monoksid (CO) olan dəm qazı yanacaq məhsullarının xaric olması üçün yer olmadıqda və ya həmin yer tutulmuş olanda natamam yanma nəticəsində əmələ gəlir. Dəm qazı qapalı şəraitlərdə təhlükəli olur. Əsasən oksigen çatışmazlığı üzündən baş verir. Yanma prosesi zamanı ayrılan dəm qazı rəngsiz, iysiz, dadsız və s. olduğu üçün onun bəlirtiləri, demək olar ki, yoxdur. Sadəcə olaraq, həmin zaman ürək döyüntülərinin artması, baş gicəllənməsi və s. hiss edilə bilər. Ancaq bu, insana görə dəyişir və ola bilsin ki, elə də hiss edilməsin. Əgər kimsə zəhərləndiyindən şübhələnirsə, ən birinci açıq havaya və oksigenin çox olduğu bir yerə çıxmalıdır" (axar.az).
Zəhərləndiyimizi necə müəyyən edə bilərik?
Müxtəlif həkimlərin, ekspertlərin, o cümlədən aidiyyatı qurumların internetdə yer alan açıqlamalarından belə məlum olur ki, dəm qazı ilə yüngül zəhərlənmə zamanı zərərçəkəndə başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır. Daha ağır zəhərlənmə zamanı isə qıcolmalar, huşun uzun müddət itirilməsi, beyin ödemi, ürəyin zədələnməsi baş verir. Yadda saxlamaq lazımdır ki, kiçik yaşlı uşaqlar az miqdarda dəm qazından hətta həyatlarını itirə bilərlər!
Dəm qazı ilə zəhərlənmə zamanı ilk tibbi yardım:
- zərərçəkəni dərhal açıq havaya çıxarmaq (eyvana, çölə);
- əynindəki paltarın yaxasını, kəmərini və s. açmaq;
- ona yarıoturaq (!) vəziyyət vermək (ağ ciyər ödeminin qarşısını almaq üçün);
- zərərçəkənin alnına, sinəsinə soyuq kompres qoymaq;
- əgər zərərçəkən nəfəs almırsa və ürək dayanmışsa, dərhal reanimasiya tədbirlərinə başlayın ("ürəyin xarici masajı" və "süni tənəffüs").
Dəm qazı ilə zəhərlənmənin ilk əlamətləri meydana çıxan kimi dərhal "təcili yardım" çağırmaq lazımdır! Hətta sizin fikrinizcə, zərərçəkəni vəziyyətdən çıxardığınıza əmin olsanız da, heç bir halda "təcili yardım" çağırışını ləğv etməyin!