Hər birimiz telefon alarkən ən yaxşısına, ən keyfiyyətlisinə və brend olan markaya üstünlük veririk. Nə qədər ehtiyatlı davransaq da, bəzən telefon əlimizdən düşüb zədələnir. Təbii ki, həmin telefon yenidən işləyir. Amma suya düşən telefonları əksər vaxt işlətmək mümkün olmur. Çox zaman telefonu suya düşən şəxslər onun arxasını açaraq fenlə qurutmağa çalışırlar. Bu isə öz növbəsində telefonun müəyyən detallarına zərər verir və suyun bütün detallara yayılmasına yardım edir. Bəs belə olan halda neyləməli?
Telefon ustası və proqramçı Seymur Verdiyevin sözlərinə görə, telefon suya düşübsə, onu sudan çıxarıb, bağlamaq lazımdır. Telefon açıq olduğu təqdirdə içəri sızan su çalışan mexanizmin verdiyi istilik sayəsində telefonun bütün detallarına yayılır. "Telefonu çıxaran kimi onu təmiz bir dəsmalla qurulayın. Telefonun xarici səthi quruyana qədər quruladıqdan sonra telefonu açıb bütün ayrıla bilən detallarını ayırın. Telefonun batareya, yaddaş kartı, sim kart və bunun kimi ayrıla biləcək detallarını təmiz bir dəsmalın üzərinə yığın. Daha sonra ayırdığınız detalları pambıq və başı pambıqlı qulaq çöpü ilə qurulamağa çalışın. Dəsmallar çox zaman toz buraxdığı üçün pambıqla qurulamağa üstünlük verin. Telefonun bütün detallarını qurutduqdan sonra 10 dəqiqə kənarda saxlayın".
Müsahibimiz bildirir ki, suya düşmüş telefonu çox zaman slika jel içində saxlamaq lazımdır. "Bu maddə yeni aldığınız paltarların cibində və ya yeni bir çantanın içində olan kağız paktozdur. Bu maddə paltarları nəmişlikdən, rütubətdən qoruyur. Telefonunuzu slika jel dolu bir qaba qoysanız, su dənəcikləri çox sürətli bir şəkildə çəkiləcək".
Əgər əlinizin altında slika jel yoxdursa, sizə düyü kömək edə bilər. Belə ki, telefonu düyünün içinə qoysanız, düyü dənəcikləri telefonun içərisindəki suyu soracaq. "Amma telefonu düyünün içinə qoyduğunuz zaman çalışın ki, düyü hava çəkməsin. Havanın qarşısını almaq üçün vakuumlu paket ideal, gözəl vasitədir".
Telefon düyü dolu paketdə 2 gün qaldıqdan sonra quruyur. Amma çalışmaq lazımdır ki, bu müddət telefona toxunulmasın. 48 saat sonra telefonunuzun tam quruduğa əmin olun. Sonra enerji yığma cihazına qoşub 100 faiz enerji ilə doldurun. Telefonunuzun enerji qaynağı 100 faizi göstərdiyi zaman telefonu açın.
Telefon ustası deyir ki, telefon suya düşdüyü zaman bütün deyilənləri sıra ilə etsəniz, telefonunuzu qurtarmış olarsınız. "Bəzi şəxslər telefonu təmirə gətirdiyi zaman onun suya düşdüyünü və saç feni və ya tozsoranla qurudulduğunu deyir. Telefonu saç feni və ya tozsoranla qurutmaq olmaz. Bu zaman telefonun içində olan incə detallar sıradan çıxır. Sonra bu telefonun təmiri sizə telefon qiymətinə başa gəlir".
Əgər telefon dənizə düşübsə, mütləq bir dəfə adi suya salınıb çıxarılmalıdır. Çünki dəniz suyu duzlu olduğundan telefonun detalların pas tutma ehtimalı daha böyükdür.
Bəzən telefonu tualetə düşən insanlar onu təmizləmək üçün spirtdən istifadə edirlər. Usta deyir ki, telefonları adi istifadə etdiyimiz spirtlə təmizləmək olmaz. Telefonlar üçün xüsusi denatur spirt var. Bu spirt çox zaman telefonu təmizləyə bilir və tez buxarlandığı üçün telefona zərər vermir.