Düz qamət sağlamlıq və gözəllikdir. Amma bəzən belimizi düz saxlamırıq ki, nəticədə bədənin quruluşu öz gözəlliyini itirir, sağlamlıq da təhlükə altında qalır.
Psixoloq Jalə Həmidlinin sözlərinə görə, yaraşıqlı əks cinsin nümayəndəsini görəndə özümüzdən asılı olmadan qamətimizi düzəldirik: "Bu davranış instinktlərdən doğur. Düz qamət heç vaxt dəbdən düşməyəcək. Bunun əksi reklam olunsa belə, düz qamətli insan daha cazibədar görünəcək.
Qozbel adam qapalı, maraqsız, həyatdan küsmüş, özgüvəni aşağı olan insan təəssüratını yaradır. Qamətli insan isə daha uğurlu, optimist, özünə əmin görünür", - deyən psixoloq əlavə edib ki, gəzərkən belini və başını düz saxlaya bilmək insanın psixoloji durumuna da müsbət təsir edir. Düz dayandıqda daxili orqanlar düzgün vəziyyətdə olması hesabına əhval yüksəlir.
Düz qamət xarici görünüşü gözəl göstərən əsas amil olmaqla yanaşı, sağlamlıq deməkdir. Uzun illər sağlamlığını qorumaq istəyən şəxs belini düz saxlamağa çalışmalıdır.
Vertebroloq Əminə Əsədovanın sözlərinə görə, onurğa sütununun hər seqmenti hansısa orqanın fəaliyyəti ilə bağlıdır: "Onurğa sütununda istənilən dəyişiklik ayaq və oynaq xəstəliklərinin yaranmasına şərait yaradır. Bu səbəbdən də onurğa sütununun sağlamlığına ciddi yanaşmaq lazımdır".
Düz qamət uşaqlıqdan qazanılan bir üstünlükdür deyən həkim bildirib ki, uşaqlıqda belini bükən adam böyüdükdə bu qüsurunu çətinliklə düzəldə bilir. Uşaq artıq 4 yaşına çatandan belini düz saxlamağı öyrətmək lazımdır. Bu yaşda uşaqlar öz bədənini idarə etməyi öyrənirlər.
Düzgün qamətə sahib olmaq üçün bunun nə olduğunu bilmək lazımdır. Həmsöhbətimiz bildirib ki, düz qamət belin düz saxlanılması, başın qarınla paralel olması, çənənin yuxarı qaldırılması, qarının içəri yığılması, çiyinlərin eyni səviyyədə olması və arxaya çevrilərək bir qədər aşağıda durmasıdır. Düz dayanmaq insanın rahat hərəkət etməsinin qarşısını almır. Əzələlər və oynaqlar boşalmalıdır.
"Qamətinizin düz olub-olmadığını yoxlamaq üçün divara söykənib ayaqları birləşdirmək, əlləri aşağı düz sallamaq, başı, dirsəkləri, topuğu və arxanı divara söykəmək lazımdır. Belə vəziyyətdə əlinizi belinizin arxasında yaranan boşluğa sala bilirsinizsə, deməli, siz düz dayanırsınız. Qamətinizin düz olmamasından şübhəndikdə bu üsulla yoxlayın".
Vertebroloq qeyd edib ki, az hərəkət etmək, kompüter arxasında çox oturmaq da beli bükür. Uzun müddət kompüterdə işlədikdən sonra çoxunda bel, boyun, baş və ya mədədə ağrı yaranır: "Əgər qamətiniz sizi qane etmirsə, məşq etməklə düzəltmək olar. Qaməti düz saxlamaq üçün başı daim dik tutmaq lazımdır. İnsan düz qamətə nail olmaq üçün başı aşağı sallamaq və bel büküb rahat oturmaq istəyinə üstün gəlməlidir".
Xüsusilə də ofis işçiləri - oturaq həyat tərzi sürənlər işdə hər saat 3 dəqiqə fasilə etməli, əzələlərdəki gərginliyi çıxartmaq üçün gəzməlidir.
Qamət düz qalsın deyə bədən düz dayanmağı yadda saxlamalıdır. Sadə məşqlər vasitəsilə qaməti xeyli düzəltmək olar. "Bunun üçün çiyinləri düzəldib, başı divara söykəyib dayanın. Kitabı başınıza qoyub gəzin, bacardığınız qədər kitabı başınızın üstündə saxlayın".
Bundan başqa, yerdə oturub dizlərinizi qucaqlayıb başınızı boynunuz düz vəziyyətdə olana qədər arxaya əyin. Yoqaya görə lotos vəziyyətində oturub (meditasiya edilən vəziyyət- bir ayaq o birisinin arasından keçirib oturmaq) beli düz saxlayın. Başı sol sonra isə sağ tərəfə çevirin. Başınızı yavaş-yavaş çevirə bildiyiniz qədər çevirin və bu hərəkətləri 4 dəfə təkrarlayın.
Qarın üstündə uzanıb əllərinizi başınıza qoyub dirsəkləri qaldırıb arxaya əyin. Alnınızı yerə dirəyin. Başınızı qaldırıb nəfəs alanda arxaya əyin. Eyni zamanda əllərinizlə hərəkətə müqavimət göstərin.
Bel üstündə uzanıb dizləri bükün. Əlləri isə kənarlara açaraq ovuclarınızı yerə qoyun. Baş və ovuclara dirənərək döş qəfəsini qabardın (qabağa əyin). Hərəkətləri 5-6 dəfə təkrar edin.
Bel əzələlərindən başqa düz dayanmağa qarın əzələləri də kömək edir. Qarın əzələlərini hər gün məşq etdirmək lazımdır. Gündəlik məşqlərdən 2 həftə sonra qarın əzələləri möhkəmlənəcək. Yaxşı olar ki, qarın üçün idman hərəkətlərini 25 dəfə olmaqla 3 dəfə təkrarlayasız.
Beli bükmək həm də zərərli vərdişdir. Bu vərdişdən qurtulmağa qaməti korreksiya edən kömək edir. Bu cür korset çiyinləri arxaya dartır və beli bükməyə mane olur. Qaməti korreksiya edən korsetləri onurğa sütunda problemlər varsa, həkim təyin etməli, sadəcə qaməti düzəltmək üçünsə aptekdən soruşub almaq olar. İlk günlər korset narahatlıq yaradacaq. 10-15 gün sonra əzələlər düzgün vəziyyəti yadda saxlayacaq. Qeyd olunan müddət keçəndən sonra korseti taxmamaq olar. Bədən artıq yeni - düz vəziyyətə vərdiş olacaq.
Sağlamlıq və düz qamət üçün bərk və ya orta yumşaqlıqda olan ortopedik döşəkdə yatmaq lazımdır. Yastıq seçərkən ya ortopedik, ya da boynun təbii vəziyyətini saxlayan yastıqlara üstünlük verilməlidir. Nəzərdə saxlayın ki, döşək yumşaq olduqca, yastıq böyük olmalıdır. Bərk döşək üçün orta ölçüdə olan yastı yastıq seçilməli və ya ümumiyyətlə, yastıqdan istifadə edilməməlidir.