Özünü İraq və Şam İslam Dövləti (İŞİD) kimi təqdim edən terror təşkilatı Türkiyə torpaqlarına girib. ANS PRESS-in məlumatına görə, Suriyanın Kobani şəhərini üç həftədir mühasirədə saxlayan İŞİD-çilər bir vətəndaşı götürmək üçün Türkiyə sərhədlərini keçib. Dəmiryolu xəttini keçən İŞİD-çilər Suriya ilə Türkiyə sərhəddindəki minalanmış bölgəyə daxil olublar. Terrorçular minalanmış bölgədən Kobaniyə keçməyə çalışan bir vətəndaşı saxlamaq üçün xeyli mübarizə aparıb. Ancaq vətəndaş İŞİD-çilərlə razılaşmayıb. Bu zaman sərhəddəki türk əsgərlər terrorçuları izləməyə başlayıb. Zirehli vasitələrlə bölgədə gəzən türk sərhədçiləri nəzarəti əldən verməyib.
İŞİD-çilər isə vətəndaşla dialoqu davam etdirdiyi zaman kürd silahlı birləşmələri bölgəni atəşə tutub. Vəziyyətin gərginləşdiyini görən terror təşkilatının nümayəndələri sərhəddən uzaqlaşıblar.
Mənbə: ANS PRESS