Qadin.NET / İnsultdan əziyyət çəkənlərə şad xəbər

İnsultdan əziyyət çəkənlərə şad xəbər

 

İsveç alimləri bu günədək naməlum olan yeni mexanizm kəşf ediblər. Belə ki, həmin mexanizm sayəsində beyin iflicdən sonra yeni əsəb hüceyrələri yaradır.

Trend  xəbər verir ki, bu tədqiqatın nəticələri “Science” jurnalında dərc olunub.
Adətən işemik insultun səbəbi beyin damarlarında qanın laxtalanmasıdır. Beyində qan dövranı dayanır və nəticədə oksigen qıtlığından çoxlu sayda əsəb hüceyrələri ölür. Bu da istinad-hərəkət aparatının, hissiyyat orqanlarının işində və şüurda pozulmalara gətirib çıxarır.
Alimlər siçanlarda süni olaraq yaradılan insultdan sonra beynin zədələnmiş hissəsində astrositlər adlanan dayaq hüceyrələrinin necə əsəb hüceyrələrinə çevrilməyə başladığını nümayiş etdiriblər.
Astrositlərdəki bu gizli proses təkcə insult zamanı deyil, başqa xəstəliklərdə (Parkinson xəstəliyi) və beyin zədələnmələrində də işə salına bilər.
Qeyd edək ki, dünyada insultdan ölüm halları ürəyin işemik xəstəliyindən sonra ikinci yerdədir.

Mənbə: Milli.Az

 

13 oktyabr 2014
GO BACK