Kart almaq istəyən şəxs onun xidmət haqqının nə qədər olduğunu öyrənməlidir.
Nağdlaşdırmanın faizi haqqında məlumat alınmalıdır. Kredit kartından nağd pul çıxardıqda bu, 1 faiz olursa, taksit kartlarında faiz bir qədər yüksək ola bilir.
Kartdan istifadə limitiniz aylıq gəlirinizdən çox olarsa, dərhal xərclərinizi azaltmağa çalışın.
Təxminən on il bundan əvvəl Azərbaycanda kredit kartları istifadə olunmurdu. İnsanlar ehtiyacları olduğu bir şeyi alarkən onun pulunu nağd ödəyirdilər. Ancaq indi istər paltar mağazalarında, istərsə də böyük marketlərdə alıcıların əksəriyyəti ödənişlərini kredit kartları ilə həyata keçirir. Bu hal son bir neçə ildə xüsusilə geniş yayılıb. Kassaya yaxınlaşan hər on nəfərdən beşi plastik kart vasitəsilə ödəniş edir. Bir çoxlarının pul qabında önəmli yer tutan kredit kartları, görəsən, büdcəyə fayda, yoxsa zərər gətirir? İstifadəçilərin nələrə diqqət etmələri vacibdir? “Zaman-Azərbaycan” qəzetinə müsahibə verən iqtisadçı Samir Əliyev bu və digər suallarımızı cavablandırdı.
“Azərbaycanda kart istifadəçilərinin sayı yarım milyon təşkil edir”
Kredit kartları daha çox maddi vəziyyəti aşağı olanları dəstəkləmək məqsədi daşısa da, normadan artıq xərcləndikdə bu “dəstək” vəziyyəti daha da pisləşdirə bilir. Belə ki, alınan hər hansı bir malın pulu nağd ödəndikdə alıcı nə qədər xərclədiyinə və pul qabında nə qədər qaldığına nəzarət edir. Lakin kartdan sərf olunan məbləğ, adətən, nəzərdən qaça bilir. Üstəlik, bu kart alış-verişi sevənin əlindədirsə, deməli, kart borcunun ödənişi ayın sonunda onun cibində pul qoymayacaq. Pulsuz alış-veriş imkanı verən bir vasitə kimi görünsə də, kartın zərərli və ya faydalı olması kart sahibinin onu necə istifadə etməsindən asılıdır. Bəzən kart haqqında kifayət qədər məlumatı olmayan istifadəçi ciddi problemlərlə qarşılaşa bilir.
Müsahibimiz Samir Əliyev son iki ildə kart istifadəçilərinin sayının artdığını bildirdi: “Ölkəmizdə istər kredit, istərsə də, taksit kartlarının istifadəçi sayı təxminən 500 min təşkil edir və bu say günbəgün artmaqdadır. Qeyd etmək istərdim ki, kredit kartları da iki cür olur. Biri standart kredit kartlarıdır, hansı ki, müəyyənləşdirilən məbləğə uyğun kredit xətti açılır və həmin pul karta yerləşdirilir. İstifadəçi pulu kartdan çəkib nağd şəkildə istifadə edə bilir. Ancaq ödəniş müəyyən olunmuş tarixdən gecikərsə, bu zaman faiz əlavə olunur. Digəri isə taksit kartlarıdır. Bu kartlar təxminən iki-üç ilə yaxındır ki, geniş yayılıb. Bu, bir sıra bankların təqdim etdiyi kampaniyalara daxildir. Həmin kampaniyalar ondan ibarətdir ki, istifadəçi kart vasitəsilə hər hansı bir malı alır, daha sonra 3 və ya 6 ay ərzində həmin məbləği ödəyir. Kredit kartının fərqi ondadır ki, burada nağd çəkilən pul müəyyən bir tarixdə birdəfəyə ödənməlidir. Amma taksit kartlarında sərf olunan məbləğ hissələrə bölünərək ödənir”.
Taksit kartlarından istifadə edərkən diqqət edin
Ekspert Samir Əliyev taksit kart istifadəçilərinin çox vaxt şərtlərdən xəbərsiz olduqlarını və bəzi hallarda bununla bağlı problem yaşadıqlarını vurğuladı: “Taksit kart istifadəçiləri bankda kartla bağlı lazımi qədər məlumat toplamadıqları üçün sonradan problem yaşayırlar. Bu kartlardan istifadə üçün həmin banka illik əməkhaqqı ödənilməlidir. Bir çoxları bundan xəbərsiz olur. Bu əməkhaqqı kartdan pul sərf olunmasa da ödənilməlidir. Vətəndaşlar bundan xəbərsiz olduqları üçün əlavə pul ödəməli olurlar. Bu da maliyyə məlumatsızlığından irəli gəlir”. Müsahibimiz istifadəçilərə problemlə qarşılaşmamaları üçün aşağıdakı tövsiyələri verdi.
İlk növbədə, kart almaq istəyən şəxs onun xidmət haqqının nə qədər olduğunu öyrənməlidir. Bilməlidir ki, ona pulsuz təklif olunan kart üçün ildə nə qədər pul ödəməlidir. Çünki kartı aldıqdan bir və ya iki aydan sonra istifadə olunmadıqda belə, ödəniş barədə bildiriş gəlir.
Daha sonra nağdlaşdırmanın faizi haqqında məlumat alınmalıdır. Kredit kartından nağd pul çıxardıqda bu, 1 faiz olursa, taksit kartlarında faiz bir qədər yüksək ola bilir.
Ən önəmli məsələlərdən biri də müddət məsələsidir ki, vətəndaş xərclədiyi pulu hansı tarixdə ödəməli olduğunu dəqiq öyrənməlidir. Adətən, bu 10 gün olaraq müəyyənləşdirilsə də, bəzən dəyişdirilə bilir. Bildiyiniz kimi, tarix gecikdiyi vaxt həmin məbləğin üzərinə faiz əlavə olunur.
Kartdan istifadə limitiniz aylıq gəlirinizdən çox olarsa, dərhal xərclərinizi azaltmağa çalışın.
Bu kimi hallara diqqət edilərsə, plastik kartların faydalı tərəfləri də az deyil. Maddi imkanınızın yaxşı olmadığı bir vaxtda təcili pul ehtiyacınız yarana bilər. Deyək ki, gecənin bir vaxtı ailənizdə bir nəfəri təcili xəstəxanaya aparmaq lazımdır. Gec olduğu üçün heç kəsdən borc almaq imkanınız da yoxdur. Bu zaman kartınız sizi çıxılmaz vəziyyətdən xilas edəcək. Sadəcə yaxınlıqda bir bankomat tapıb hesabınızdakı məbləği nağdlaşdırmağınız kifayətdir. Lakin unutmayın ki, kartınızın cibinizə zərər və ya fayda verdiyini siz özünüz müəyyənləşdirirsiniz...
Mənbə: Milli.Az