MDB ölkələri ilə əməkdaşlıq turizm sahəsində Azərbaycanın siyasətinin prioritetlərindən biridir. Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov cümə günü Bakıda keçirilən MDB Parlamentlərarası Assambleyasının Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycana ən çox turistlərin gəldiyi ölkələr Rusiya, Ukrayna, Qazaxıstan və MDB-nin digər ölkələridir: "2013-cü ildə Azərbaycana gəlmiş 2,5 milyondan çox əcnəbi vətəndaşın təqribən 40 faizi MDB ölkələrinin vətəndaşlarıdır".
Nazir müavini qeyd edib ki, Rusiyadan Azərbaycana gəlmiş əcnəbi vətəndaşların sayında artım 3,1 faiz, Qazaxıstan üzrə 11,6 faiz, Belarus üzrə 17,2 faiz, Ukrayna üzrə isə 22,2 faiz təşkil edib.
Komissiya iclasının proqramı çərçivəsində elektron hökumət, elektron sənədlərin transsərhəd informasiya mübadiləsi, xüsusi rabitə göndərişləri üzrə dövlətlərarası mübadiləsi, könüllülük, turizm fəaliyyəti, vicdan azadlığı, dini inanc və dini təşkilatlar, internetin tənzimlənməsinin əsasları haqqında model qanunların müzakirəsi keçiriləcək. Həmçinin MDB dövlətlərinin mədəni irsinin qorunması haqqında konvensiya layihəsi hazırlanacaq.
Mənbə: Trend.Az