Qadin.NET / Məhbuslara niyə məzuniyyət hüququ verilmir?

Məhbuslara niyə məzuniyyət hüququ verilmir?

 

Müzəffər Baxış: “Bu maddəni tətbiq etmək müsbət keyfiyyətlər verə bilər”

İran həbsxanasında məhbus həyatı yaşayan Cənubi Azərbaycandan olan soydaşımız, tanınmış jurnalist Səid Mətinpur 5 illik həbsxana həyatından sonra 3 günlük məzuniyyətə buraxılıb. Bu xəbəri eşidən hər kəs düşünür ki, niyə Azərbaycan həbsxanalarında da məhbuslara bu cür hüquqlar verilmir?
Bu hallara ölkəmizdə demək olar ki, rast gəlmək mümkün deyil. Məhbuslar yalnız yaxın qohumlarının toy və yas mərasimlərinə buraxıla bilər.
Maraqlıdır, görəsən, qanunvericiliyimizdə məhbusun məzuniyyətə buraxılması ilə bağlı hər hansı bir müddəa varmı? 
Hüquqşünas Müzəffər Baxış məhbusun məzuniyyətə buraxılması qaydasının qanunvericilikdə nəzərdə tutulduğunu bildirdi: “Cəzaların İcrası Məcəlləsinin 89.4-cü maddəsində belə qayda nəzərdə tutulub. Məhbusa 7 gün müddətində məzuniyyət verilməsi nəzərdə tutur. 3 gün də ola bilər. İldə bir dəfə verilir. Bu qərarı vermək Ədliyyə Nazirliyinin razılığı ilə həbsxana rəhbərliyinə aiddir. Məzuniyyət müddəti ərzində məhbus rayon hüdudlarından kənara da buraxıla bilər. Getdiyi yol məzuniyyət günü müddətinə daxil olmaqla. Məhbusun davranışları, çəkdiyi cəzanın müddəti əsas götürülür. Tərbiyə müəssisələrində ən azı cəzanın 1/4 hissəsi əsas götürülür. Qanun 7 gün nəzərdə tutur. 3 gün verilirsə, bu da qanunidir. Bu adi bir prosedurdur. Arzu edərdik ki, 89.4-cü maddə məhbuslara tez-tez tətbiq olunsun. Bu hüquqlarından istifadə etsinlər. Belə hallar məhkumların tərbiyə olunmasında müsbət rol oynaya bilər. Əfsuslar olsun ki, Azərbaycanda məhkuma bu hüquqları vermirlər. Fikirləşirlər ki, məhbus bu hüququndan istifadə etsə, həbsxanaya qayıtmaqdan imtina edər. Bu qorxuları nəzərə alaraq, tətbiq etmirlər. Əslində bundan çəkinmək lazım deyil. Məhbuslar həqiqətən əməyə vicdanla münasibət bəsləyirlərsə, tərbiyəyə meyl göstərirlərsə, düşünürəm ki, bu maddəni tətbiq etmək müsbət keyfiyyətlər verə bilər".

Mənbə: Milli.Az

 

11 oktyabr 2014
GO BACK