Sentyabr ayında ölkədə olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərini pozduğuna görə 3759 əcnəbi vətəndaşın Azərbaycan Respublikasından deportasiya edilməsi barədə qərar qəbul olunub.
Dövlət Miqrasiya Xidmətindən (DMX) Trend-ə bildiriblər ki, Xidmət tərəfindən 2014-cü ilin sentyabr ayı ərzində miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, idarə edilməsi və tənzimlənməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
Ay ərzində 4073 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Onlardan 27-nin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 287 nəfərinə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 2950 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri, 809 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.
Ümumiyyətlə, ay ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcədə vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 8301 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 96 575 əcnəbinin müraciəti qeydə alınıb.
Bununla yanaşı, işə götürənin ölkə qanunvericiliyinin tələblərini pozmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədilə Xidmətin müvafiq struktur bölmələrinin əməkdaşları tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 12 sahibkarlıq subyektində yoxlamalar aparılıb. Keçirilmiş tədbirlər nəticəsində 11 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin alınması qaydalarının pozulması halları aşkar edilib.