Ölümcül Ebola virusu digər ölkələrə yayılmağa başlayıb. Alimlərin proqnozları özünü çox gözlətmədi və qorxulu virus Avropa və ABŞ-a da gəlib çatdı. Artıq Amerikada virusa yoluxma şübhəsi ilə daha bir nəfər karantinə alınıb. Onun ABŞ-da bu virusdan həyatını itirmiş Tomas Duncanın Dallasdakı evinə gediş-gəlişi olanlardan biri olduğu qeyd edilir. Xatırladaq ki, Tomas Duncan virusa Liberiyaya səyahəti zamanı yoluxmuşdu. Dallasdakı “Presbyterian” xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Bir neçə gün öncə isə Ebola virusu İspaniyada aşkarlanıb. Belə ki, sentyabrın 22-də Afrikada virusa yoluxduğundan ölkəyə gətirilən və 3 gün sonra dünyasını dəyişən missioner Manual Gersia Viejaya baxan tibb bacısında da eyni virus aşkarlanıb. 15 ildir səhiyyə xidmətində çalışan 44 yaşlı tibb bacısından alınan hər iki analiz onun xəstəliyə yoluxduğunu təsdiqləyib.
İspaniya və Avropada sağlam birinin virusa yoluxması ölkənin səhiyyə sistemini ayağa qaldırıb. Tibb bacısının həyat yoldaşı ilə yanaşı, daha iki nəfər də karantinə alınıb. Sağlamlıq Cəmiyyətinin direktoru Mercedes Vinuesa tibb bacısının əlaqədə olduğu digər şəxslərin də siyahısının tutulduğunu və onların da karantinə alınacağını bildirib.
Yada salaq ki, əvvəl bu virusa yoluxan iki şəxs - missioner və həkim Afrikada yoluxaraq İspaniyaya gəldikdən üç gün sonra ölüblər. İspaniyada xəstəliklə əlaqədar xüsusi işçi qrupu yaradılıb. Bundan əlavə, Norveç Sərhədsiz Həkimlər Birliyi Siera Leonedə vəzifə başında olan norveçli bir həkimin də bu virusa yaxalandığını bəyan edib.
Türkiyədə də az öncə bu virusun daşıyıcısı aşkar edilmişdi. Ölkəyə miqrant kimi daxil olan, lakin sonradan polislər tərəfindən saxlanılan Əfqanıstan əsilli İran vətəndaşı Jamad Heydəridə Ebola virusu aşkarlanmışdı.
O üzdən də Qərbi Afrikadan başlayıb Avropaya qədər çatan Ebola infeksiyasının qarşısını almaq üçün səhiyyə səlahiyyətliləri müxtəlif yollar axtarır. Belə ki, Amerikada virusdan qorunmaq üçün qoruyucu kostyumların istehsalına başlanıb. Bu, astronavt paltarını xatırladır. ABŞ həkimləri habelə öz ölkələrində və Afrikada qorxunc virusa tutulan şəxslərə doğru müalicə tətbiq eləmək üçün xüsusi təhsil proqramından keçməyə başlayıblar.
Xatırladaq ki, Ebola qızdırması müalicəsi olmayan və qanla, hava-damcı yolu ilə, həmçinin də yoluxmuş insanın əşyalarından keçə bilən təhlükəli virusdur. Virus tər, qan, tüpürcək yolu ilə də yayılır. Qarşısını almaq üçün heç bir vaksin mövcud deyil. Xəstəliyin simptomları - qızdırma, baş ağrısı, qusma və ishaldır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir.
Ölümcül virusun belə sürətlə yayılması onun Azərbaycana da gəlib çıxma təhlükəsini yaradır. Virus yayılan ölkələrdən Azərbaycana gediş-gəlişin olması ölkəmizin ondan sığortalanmadığını deməyə və narahatçılıq yaratmağa əsas verir. Yeri gəlmişkən, hazırda paytaxtda xəstəliyin yayıldığı ölkələrdən olan xeyli tələbə təhsil alır.
Tibb elmləri doktoru, professor Adil Qeybulla ölkəmizə gələn xəstə, hətta soyuqdəyməsi olan insanların da karantinə alınmasının və yoxlanılmasının vacib olduğunu bildirdi: “Ebola virusu ilkin olaraq aşkar edildikdən sonra xeyli alim və mütəxəssis narahatçılığını bildirmişdi. Vaxtında prosesin lokallaşdırılması və yayılmanın qarşısının alınması istiqamətində ciddi tədbirlər görülməli idi. Laboratoriyada həmin virusa qarşı vaksin hazırlanması istiqamətində işlər gedirdi. Bu vaksin eksperimental nümunəsi olsa da, hələlik tibbi klinik tədqiqatdan keçən nümunə yoxdur.
Ebola virusunun hava-damcı yolu ilə yayımlanan bir virus olmasına baxmayaraq təəssüflər olsun ki, bu gün artıq o, tək-tək də olsa ayrı-ayrı ölkələrdə yayılıb. Səhiyyəsi kifayət qədər yüksək səviyyədə olan ABŞ kimi bir ölkədə bu virusdan ölüm halı qeydə alınırsa, inkişaf etməkdə olan ölkələrin gününü təsəvvür etmək olar. Virusun geniş coğrafi arealda yayılması xeyli insan tələfatına gətirib çıxara bilər. Ona görə də məsələ artıq bir ölkənin problemi deyil, Ümumdünya Səhiyyə Təşkilatının birbaşa səlahiyyətinə və məsuliyyətinə aid olan məsələdir. Bütün dünya üzrə təhlükəsizlik məqsədilə imkanlar səfərbər olunmalıdır. Həm bir tərəfdən bu virusa qarşı etibarlı və effektiv bir vaksin hazırlanmalı, digər tərəfdən isə prosesin yerində lokallaşdırılması və onun yayılmasının qarşısının alınması istiqamətində işlər görülməlidir. Bunun üçün də trans-sərhəd zonalarında nəzarət gücləndirilməli, müxtəlif qızdırması, ümumi halsızlığı, zəifliyi, yuxarı tənəffüs yollarının katarı, yəni soyuqdəyməsi və sairə kimi xəstəliyi olanlar gömrük-keçid məntəqələrində saxlanılmalı, karantinə götürülməli, qan nümunələri təhlil olunmalıdır. Xəstə adamların mümkün qədər ölkəmizə daxil olmasının qarşısının alınması vacibdir. Buna görə hər bir dövlət öz təhlükəsizlik tədbirlərini görməli, eyni zamanda qlobal təhlükəsizlik tədbirlərinə qatılmalıdır”.