Qadin.NET / Adamlardan akkumulyator kimi istifadə edəcəklər

Adamlardan akkumulyator kimi istifadə edəcəklər

 

Müasir insanın XIX əsrin insanından fərqi odur ki, o, özünü texnoloji yeniliklərlə həddən artıq əhatələyib. Bu cür vəziyyət insanların qazanclarının müəyyən hissəsini aparır. Bundan əlavə həmin texnologiyaların daima işlək vəziyyətdə olması vacibdir. Müasir cəmiyyətdə hər zaman hərəkət, interaktivlik tələb olunur. Bir qacetin enerjisini doldurmaq üçün uzun müddət bir yerdə qalmaq ciddi problemə çevrilib.  

Milli.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, alimlər bu aktual problemin həlli üçün alternativ üsullar axtarırlar ki, mobil telefon və digər qacetləri elektrik enerjisi ilə təmin etmək olsun. Kanadanın Monreal universitetində edilən kəşf isə qacetlərin enerji problemlərini həll etmək istiqamətində inqilabi addım sayıla bilər. Onlar insan bədəninin hərəkətindən yaranan elektrik enerjisini mobil telefonlara ötürmək barədə düşünürlər.  
Hələlik ki, bu kəşf yalnız qulaqcıqlarda tətbiq edilib. Qulaqcıq xüsusi kiçik kəmər ilə insanın başına bərkidilib. Xüsusi polimer materialdan olan kəmər insanın hərəkəti nəticəsində yaranan elektrik enerjisini toplayaraq qulaqcığa ötürüb.  
Burada təəssüfləndirici məqam odur ki, qulaqcığın forması elə də gözəl deyil. Bundan əlavə əldə edilən enerji də azdır - dəqiqədə 10 mikrovatt. Bu isə o deməkdir ki, əldə olunan enerji insanın gündəlik istifadə etdiyi qadcetlər üçün yetərli deyil. Bununla belə, həmin kəşf ilə elmi-texniki tədqiqatlar yeni mərhələyə qədəm qoyur. Bu texnologiyanın gələcəkdə daha da inkişaf etdiriləcəyinə ümid çoxdur.  
Beləliklə, bəşəriyyət yeni bir kəşfin astanasındadır. Əgər bu texnologiyaları inkişaf etdirmək mümkün olarsa, insan orqanizmi təbii akkumulyator və ya batereya rolunu oynaya biləcək. 
Mənbə: Milli.Az

 

10 oktyabr 2014
GO BACK