Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaları artıq öz “faydasını” verməyə başlayıb. Bu ölkənin milli valyutası sürətlə ucuzlaşır. Ötən həftə Rusiyada dolların qiyməti rekord həddə bahalaşır. Rusiya Federasiyası ərazisində bir dolların qiyməti 40 rublu keçib. Moskva birjasının məlumatına görə, dollarla yanaşı, avronun da qiyməti qalxaraq 50 rubla çatıb.
Milli valyutanın ucuzlaşmasının iqtisadiyyata mənfi təsir göstərəcəyi şübhəsizdir. Ancaq bizi maraqlandıran bu prosesin Azərbaycan iqtisadiyyatına necə təsir göstərəcəyidir.
Məlum olduğu kimi, Rusiya Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşlarından biridir. Bu səbəbdən də şimal qonşumuzda baş verənlərin bizə də təsir edəcəyi məlumdur.
Milli.Az bu prosesin hansı formada olacağını öyrənmək üçün iqtisadçı ekspertSamir Əliyevlə əlaqə saxlayıb.
Neft fondunun itkiləri
Ekspert hesab edir ki, Rusiya iqtisadiyyatındakı hər hansı bir proses Azərbaycana bu və ya digər formada təsir edir. Nəzərə alsaq ki, bu gün tətbiq edilən sanksiyalar nəticəsində Rusiya iqtisadiyyatında problemlər yaranır, bunun Azərbaycana da təsir neqativdir.
“Rubl bu il 20%-dən çox ucuzlaşıb. Azərbaycana bu, bir neçə istiqamətdə təsir göstərir. Birinci təsir neft fondu baxımındandır. Neft Fondunun bir milyarddan çox aktivləri var. Rublun ucuzlaşması aktivlərin dəyərinin itirilməsinə gətirib çıxarır. Neft fondunda olan pulun 500 milyonluq miqdarı Rusiya rublu ilədir. Ötən il alınıb bu rubllar. Ötən il həmin aktivlər bu ilkindən 20% baha alınıb. Bundan başqa, Azərbaycan Rusiyanın VTB bankının səhmlərini alıb. Həmin banka da sanksiya tətbiq edildiyi üçün səhmləri ucuzlaşıb. Bu bankla bağlı itki həm rublun ucuzlaşması, həm də səhmlərin ucuzlaşması ilə əlaqədardır. Yəni itki ikiqatdır”, - o qeyd edib.
Qürbətə çörək üçün gedənlər
Samir Əliyev deyir ki, ölkəmizə dəyən ikinci ziyan Rusiyada çalışan azərbaycanlılarla bağlıdır. Həmin vətəndaşlar hər il rəsmi və qeyri-rəsmi formada ölkəyə pul göndərirlər. Rəsmi formada onlar hər il 1 milyon 200 min pul göndərirlər. Pul orada rubl ilə qazanılır, Azərbaycanda isə ya manata, ya da dollara çevrilir. Buna görə də Rusiyadan köçürülən pulun dəyərinin itirməsinin şahidi oluruq. Bu da həmin insanların maliyyə vəziyyəti üçün ciddi problem yaradır.
Yerli sahibkarlıq üçün təhlükə
Ekspert hesab edir ki, rublun ucuzlaşması Rusiyadan ölkəmizə gətirilən məhsulların rəqabət qabiliyyətini yerli məhsullarla müqayisədə xeyli artıracaq.
“Bir qayda olaraq, milli valyutanın ucuzlaşması ixrac potensialını gücləndirir. Bu da o deməkdir ki, Rusiyadan gətirilən məhsullar daha da ucuzlaşıb. Yerli məhsullarla müqayisədə qiymət baxımından üstünlük qazanır.
Rus rublunun ucuzlaşması Azərbaycandan Rusiyaya ixrac olunan məhsullar üçün də problem yaradır. Manat rublla müqayisədə baha olduğuna görə göndərilən malların qiyməti baha olur. Düzdür, bir müddət Rusiyada qıtlıq yarandığı üçün Azərbaycandan ixrac olunan meyvə-tərəvəz satıldı. Ancaq həmişə belə olmayacaq. Bazara yeni iştirakçılar gələcək. Bu, o deməkdir ki, buradan Rusiyaya göndərilən meyvələrin qiymətləri başqa ölkələrlə müqayisədə baha başa gələcək. Bu da məhsullarımızın rəqabət qabiliyyətinin itirilməsinə səbəb olacaq”, - ekspert vurğulayıb.
Anlayacağımız qədər Qərbin Rusiyaya vurduğu zərbələrin təsiri bizdən də yan ötməyəcək.
Teymur Hacıyev.
Mənbə: Milli.Az