Karnegi Beynəlxalq Sülh Fondunun Qafqaz üzrə eksperti Tomas de Vaal Azərbaycanın iqtisadi inkişafı, xarici siyasəti, Dağlıq Qarabağ münaqişəsi və regiondakı geosiyasi maraqlar barədə maraqlı açıqlama verib.
ANS PRESS-in məlumatına görə, o, deyib, Azərbaycan Qərblə Şərq arasında yerləşən ölkədir ki, burada Türkiyənin, İranın, Rusiyanın tarixi təsirləri mövcuddur. Azərbaycanın həm dünyəvi, həm də İslam ənənəsi var. Azərbaycan tam şəkildə Qərb ölkəsi deyil və burada bir qəbahət yoxdur. Problem ondadır ki, Vaşinqtonda oturan bəzi lobbiçilər bəzən elə təəssürat yaratmağa çalışırlar ki, guya Azərbaycan Qərb təmayüllü bir ölkədir. Dəlillər isə bundan mürəkkəbdir. Ukraynada baş verənlər fonunda güman etmək olardı ki, Azərbaycan Qərbə daha yaxın siyasət yürüdəcək. Təəccüblüdür ki, Azərbaycan bunun əksini edir.
Politoloq Amerikanın Səsi radiosuna verdiyi müsahibədə Azərbaycanın Pentaqonla, Qərb neft şirkətləri ilə sıx münasibətlərin olduğunu, eyni zamanda Rusiya ilə yaxın münasibətlər saxladığını söyləyib: "Mənim ötən il getdiyim Bakını 1995-ci ildə ilk dəfə səfər etdiyim Bakı ilə müqayisə etsəniz, deyərdim ki, çox şey dəyişib. Ölkə indi daha varlıdır, daha güclüdür. Azərbaycanın xaricdə 60-dan çox səfirliyi var, BMT Təhlükəsizlik Şurasında yer alıb. Qərb neft şirkətləri Azərbaycanda işləyir. Bu mənada Azərbaycan boya-başa çatmış ölkədir. Əlbəttə, Rusia və İran çətin qonşulardır."
Amerikalı şərhçi Azərbaycandakı sabitliyə əsas təhlükələrdən də söz açıb: "Azərbaycan üçün başlıca iki risk görürəm. Güman etmirəm ki, xarici risk böyükdür. Rusiya və İran problemdir, amma onlardan heç biri Azərbaycana birbaşa müdaxilə etmək niyyətində deyil. Heç biri rejim dəyişikliyi arzulamır. Onların prezident Əliyevlə normal münasibətləri var.
Digər təhlükə Qarabağ müharibəsinin alovlanmasıdır. Təmas xəttində ara-sıra kiçik toqquşmalar görürük. Hər iki tərəfdə provokasiyalar baş verir. Ağır silahlar ucbatından Qarabağda hətta kiçik müharibə belə kütləvi insan itkiləri ilə nəticələnə bilər. Hesablamalarda yanlışlıq Dağlıq Qarabağ münaqişəsinin eskalasiyasına gətirib çıxara bilər ki, bu, təkcə Azərbaycan və Ermənistan deyil, qonşular üçün də faciəvi olardı."
Tomas de Vaal Dağlıq Qarabağ münaqişəsinin həllinə də toxunub: "Kompromis masa üzərində olanlardır. Azərbaycan kiçik Laçın dəhlizi istisna olmaqla Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu geri alır. Dağlıq Qarabağ ermənilərinə özünü-idarəçilik hüququ verilir. Regionun statusu uzun müddət qeyri-müəyyən saxlanılır – 20-30 il sonraya referendum nəzərdə tutulur. Bu vaxt ərzində isə Azərbaycan Ermənistanla əlaqələr qurur. Azərbaycan iqtisadi baxımdan Ermənistandan irəlidədir. Azərbaycan Ermənistanla münasibətdə yumşaq gücdən istifadə edə bilər. İnsanlar evlərinə qayıdar. Təhlükəsizlik durumu yaxşılaşar. Həyat yaxşılaşar..."