Azərbaycanda elektrik enerjisindən istifadəyə görə qiymətin artırılması məsələsi ilə bağlı Tarif (qiymət) Şurasına (TŞ) heç bir müraciət daxil olmayıb. Bu barədə Trend-ə Şuradan bildiriblər.
Hazırda "Azərenerji" ASC-nin elektrik enerjisinin topdansatış qiyməti 1 kilovat-saata görə 0,041 manatdır. Bütün kateqoriyadan olan istehlakçılar üçün 1 kilovat-saat elektrik enerjisinin pərakəndə qiyməti 0,06 manatdır.
TŞ ötən il müəssisələr üçün təbii qazın qiymətini min kubmetrə görə 42 manatdan 80 manatadək artırıb. Hazırda "Azərenerji"nin bütün istilik elektrik stansiyaları qazı əsas yanacaq qismində istifadə edirlər.
Şuradan həmçinin deyiblər ki, gündəlikdə Bakı Metropolitenində gediş haqqının artırılması məsələsi yoxdur. Hazırda Bakı metrosunda gediş haqqı 0,2 manatdır.
Tarif Şurasından bildiriblər ki, elektrik enerjisinin qiymətinin və Bakı Metroplitenində gediş haqqının artırılması ilə bağlı müvafiq strukturlar tərəfindən Şuraya heç bir müraciət daxil olmayıb: "Bu məsələlər gündəlikdə yoxdur".
Mənbə: Trend.Az