Azərbaycanda baş verən cinayətlərdə yeniyetmələrin payı çoxalıb.
ANS TV-nin məlumatına görə, son statistik məlumatlar göstərir ki, ölkədə baş verən cinayətlərin yarısı 25 yaş və bu yaşdan aşağı olan yeniyetmələr tərəfindən törədilib. Buna da əsas səbəb, onlar üzərində ailə nəzarətinin zəifləməsi, gənclərə yad təsirlərin çoxalmasıdır. Eyni zamanda internet və kriminal janrında olan xarici filmlər də, onların cinayətə meyl etməsinə səbəb olur. Araşdırmalar göstərir ki, bu tip yeniyetmələr, digər insanların davranışlarına qarşı dərhal reaksiya verir, bütün problemlərini fiziki güclə həll etməyə çalışır, aqressivlik göstərirlər. Əksər hallarda tək başlarına güvənli və güclü olmadıqları üçün kiçik qruplar yaradaraq, birgə cinayətə əl atırlar. Kriminalogiya elmində bildirilir ki, əgər bir insan 10 il müddətində ailəsindən, evindən kənar düşərsə, həmin şəxslərdə ağır cinayətlərə qarşı meyl güclənir. Mütəxəssislər bu problemin həllində hüquq-mühafizə orqanları ilə yanaşı, sosioloqların və psixoloqların da yaxından iştirak etməsini vacib sayır.
“Keçmişdə ailə münaqişəsi zəminində, məişət zəminində adi bir səsin ucaldılması böyüklərin səyi nəticəsində sakitləşirdisə, artıq həmin yaxınlar, ağsaqqallar onları sakitləşdirməsi mümkün deyil. Artıq bu baltayla vurmaq, bıcaqla vurmaq, odlu silahla vurmaqla nəticələnir. Niyə? Çünki psixolojı durum gərgindir”, – deyə kriminalist ekspert Mahmud Hacıyev qeyd edib.
Məsələyə ümumi prizmadan yanaşan psixoloqlar bu cür problemin sırf ailə ilə bağlı olmasını istisna etmir. Onlar bu problemlərin yaranmasının kökünü valideyin övlad münasibətlərində məsafənin götürülməsində görür. Xüsusilə böyük şəhərlərdə, küçə və məhəllələrdə böyüyən bu tip gənclər, əksər halda pis dost tövsiyələrilə cinayətə yönəlirlər. Ailəyə qarşı kin, nifrət bəsliyirlər.
“Bu gün 14-15 yaşında olan bir yeniyetmə 30-35 yaşında olan bir gənclə mübahisəyə belə girir. 15 yaşında olan bir yeniyetmə özünü 35 yaşında olan bir insanın yerinə qoya bilir. Onun kimi davranmaq istəyir. Onun dediyi söhbətə o saat sərt münasibət verir. Nəticədə bu da pis nəticələrə səbəb olur”, – deyə psixoloq Elnur Rüstəmov vurğulayıb.
Mütəxəssislər gənclərdə cinayətə meyili azaltmaq üçün valideyinlərin öz övladları ilə yaxından məşğul olmasını, onlara daha çox vaxt sərf etmələrini tövsiyə edir.
Mənbə: ANS PRESS