Xalqımızın gözəl adət-ənənələrindən, milli-mənəvi dəyərlərindən biri də elçilik mərasimidir. Əvvəllər elçilik mərasimində ağsaqqallara daha çox yer verərdilər. Bu isə ağsaqqalların gələcək ailələrin dağılmaması üçün zamin durması demək idi. Oğlan tərəfindən qız evinə elçi gələn ağsaqqallar oğlan evinin nəsil-nəcabətini, oğlanın ağıllı-kamallı olduğunu dəqiq bildikdə, iş-güc yiyəsi olduğuna əmin olduqları halda qız evinə elçiliyə gedərdilər. Elçilik elçi gedən ağsaqqalların üzərinə gənc ailələrin dağılmaması üçün məsuliyyət öhdəliyi qoyurdu.
Bu gün artıq elçilik öz mahiyyətini itirmək üzrədir. Elçilik, sanki, dəb xarakteri alıb. Elçilik mərasimində söz, nüfuz sahibi yox, vəzifəli şəxslərə daha çox yer verilir. Vaxtilə gülə-gülə baxdığımız “Evləri köndələn yar” teletamaşasındakı eçlilik hadisəsi artıq günümüzün reallığıdır. Bəs bunun hansı fəsadları var?
Ərlə arvad arasında meydana gələn narazılıq tədricən dava-dalaşa çevrilir, sonda isə hətta boşanma ilə yekunlaşır. Gənc ailələrin evlənməsində yalançı öhdəçilik daşıyan "ağsaqqallardan" isə xəbər-ətər olmur. Təbii ki, ən böyük zərbə gənc ailələrdə doğulmuş körpələrə dəyir. Ata-ananın birgə nəvazişindən məhrum olan körpələrin gələcək taleləri isə yük olaraq bir valideynin üzərində qalır. Bəzən isə boşanmış cütlük ortada qalmış uşaqlara heç özləri də sahib çıxmır, onların tərbiyəsini nənə-babalarına tapşırırlar. Bəli, elçilik institutunun tənəzzülə uğraması sonda ailə institutunun sıradan çıxması ilə nəticələnir.
Mənbə: Milli.Az