Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, payız aylarında valideynlər övladlarını xəstəliklərdən sığortalamaq və immunitetlərini gücləndirmək üçün vitaminlərdən istifadə edirlər. Həkimlərsə özbaşına istifadə olunan vitamin və immunitetgücləndirici vasitələrin uşaqlara xeyrindən çox zərərinin ola biləcəyini deyirlər.
Mövsüm dəyişikliyinə insan orqanizmi çox həssasdır. Bu səbəbdən də övladlarını payız aylarında xəstəliklərdən qorumaq istəyən valideynlər onlara mütəxəssislərdən məsləhət almadan bir sıra immunitetgücləndirici vasitələr, xüsusilə də kimyəvi tərkibli vitaminlər verirlər. Həkimlər uşaq orqanizminin normal inkişaf etməsi üçün vitamin, zülal, karbohidrat və mineralların verilməsini vacib hesab edirlər. Ancaq bu lazımi miqdarda olarsa.
Ünbül Dadaşova - 2 saylı uşaq poliklinikasının sahə həkimi: “Çünki adicə bir suyu da artıq miqdarda içəndə o, orqanizmdə hər hansı bir fəsad törədə bilər. Eləcə də vitaminlər, minerallar. Orta hesabla vitaminlərin hamısı 1-2 milliqram miqdarında lazımdır orqanizmə. Lakin valideynlər var, deyirlər ki, biz övladımıza il boyu vitaminlər veririk. Lakin bu məqsədəuyğun deyil”.
Vitaminlərin qədərindən artıq istifadəsi bədəndə hipervitaminozlara səbəb olur ki, bu da orqanizm üçün çox təhlükəlidir.
Ünbül Dadaşova: “Misal üçün, vitamin D-nin çox verilməsi, orqanizmdə kalsiumun artmasına və ürəkdə, böyrəkdə və damarların divarlarında toplanmasına səbəb olur. Nəticədə uşaq narahat olmağa başlayır. Valideynlər bilmirlər ki, artıq dərəcədə verilən vitaminlər başqa xəstəliklərin, problemlərin yaranmasına səbəb ola bilər”.
Həkimlər immunitetin təbii yollarla artırılmasını məsləhət görürlər. Uşaqlar hər fəslə uyğun meyvə-tərəvəzlərlə, düzgün və vaxtında qidalanarlarsa, kimyəvi tərkibli vitaminlərin istifadəsinə də ehtiyac qalmaz.