Azərbaycandakı sürüşmə sahələri yenidən aktivləşib. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.
Onun sözlərinə görə, sentyabrın sonu - oktyabrın əvvəllərində sürüşmə sahələrində aktivləşmə müşahidə edilib. Bu, yay aylarının həddindən artıq quraqlıq keçməsi və torpaqda yeni çatların əmələ gəlməsi, mövcud çatların genişlənməsi ilə bağlıdır. Bununla yanaşı, sentyabrda atmosfer çöküntülərinin bu çatlar vasitəsilə daxil olması da sürüşmə sahələrində qismən aktivləşməyə səbəb olub. Bu aktivləşmələr daha çox avtomobil yolları ərazilərində müşahidə edilib.
S.Əmiraslanov deyib ki, Lənkəran-Lerik avtomobil yolunun 17, 40, 50-ci km-də mövcud olan sürüşmə, uçqun sahələrində qismən aktivləşmə müşahdə edilib: “Artıq sürüşmənin yaratdığı təhlükələr aradan qaldırılıb. Hazırda respublikadakı sürüşmə sahələrində elə bir təhlükə yoxdur”.
Onun sözlərinə görə, hazırda respublika ərazisində 140 sürüşmə və uçqun sahəsi var. Onların 40-nın vəziyyəti daha təhlükəli hesab edilir.
S.Əmiraslanov deyib ki, respublika ərazindəki təhlükəli sürüşmə əraziləri daha çox Şamaxı, Qobustan, Lənkəran, Lerik, Quba, Qusar, Gədəbəy rayonlarındadır: “Əsasən son illərdə bu ərazilərdə aktivləşmələr olur. Təhlükəli sürüşmə sahələrində monitorinqlər mütəmadi olaraq davam etdirilir".
S.Əmiraslanov bildirib ki, bəzi ərazilərdə sürüşmələr 5-6 il əvvəl olub. Hazırda həmin ərazilərdə sürüşmə sahələri stabilləşib. Bu ərazilərə yenidən baxış keçirilərkən də orada aktivləşmələr müşahidə olunmayıb.
Nazirlik rəsmisi qeyd edib ki, hazırda bütün respublika üzrə sürüşmə potensiallı ərazilərin xəritəsinin hazırlanması istiqamətində işlər aparılır.