Qadin.NET / Ermənilər yenə şou göstərir

Ermənilər yenə şou göstərir

 

Ermənilər yenə şou göstərir

Dağlıq Qarabağda iki Azərbaycan vətəndaşı üzərində məhkəmə şousu başlayır. Onları casusluqda və kəşfiyyat-diversiya fəaliyyətində günahlandırırlar. 
Ermənistan KİV-lərində Azərbaycan vətəndaşlarının Dağlıq Qarabağda tutulması ilə bağlı böyük səs-küy qalxıb. 
Hər şeydən öncə, qeyd edək ki, bura həbs olunanların öz torpağıdır. Burada onların əcdadları yaşayıb, onlar burada doğulublar və işləyiblər. Sonra Ermənistandan bura tankların üstündə əllərində avtomat, yanlarında top-tüfəng saqqallı adamlar gəldi və yerli sakinləri qovdular, bəyan etdilər ki, bura qədim erməni torpağıdır. Dediklərinə inandırmaq üçün onlar jurnalistlərə hansısa sümüklər göstəriblər və iddia ediblər ki, daşlaşmış həmin sümüklər hələ dinozavrlardan qabaq buralarda yaşamış ermənilərə məxsudur. 
Qondarma rejimin prokurorluğunun iddiasına görə, Azərbaycan vətəndaşları Şahbaz Quliyev, Dilqəm Əsgərov və ermənilər tərəfindən öldürülmüş Həsən Həsənovun üzərində həddindən çox silah olub. Amma bu iddia doğrudursa, o zaman tutulan Azərbaycan vətəndaşları həmin yüklə necə hərəkət ediblər? Hər üç nəfər doğma torpaqlarına qohumlarının və yaxınlarının qəbirlərini ziyarət etmək üçün gedibmiş. Təbii ki, buna "casusluq", "diversiya" və "terrorizm" kimi əcaib adlar vermək heç bir məntiqə uyğun gəlmir. Yəni məsələnin qəliz tərəfi bununla bağlıdır. Hətta heç kimin yaşamadığı həmin boşalmış kəndlərə onların ziyarətinin kəşfiyyat fəaliyyəti ilə bağlı olduğunu da iddia etməyə başladılar. Erməni KİV-ləri yazır ki, onlar məlumat toplayırmış. Kimdən - bəlli deyil, on kilometrlərlə ərazidən bir adam da yaşamır. Axı burada heç kim yaşamır ki, hansısa casusluq fəaliyyəti üçün imkan yaransın. Məlumatsız adama elə gələ bilər ki, Ermənistan silahlı qüvvələrinin bu çılpaq, adamsız dağlarda hərbi bazaları, aeroportları və raket qurğuları var. İyirmi il qabaq ermənilərin dağıtdığı evlərin xaraba divarlarından başqa bir şey qalmamış bu adamsız yerlərdən hansı məlumatları toplamaq olar? 
Amma hansısa sehrli əl onların meşələrdə və adamsız yerlərdə hava və su kimi lazım olan ov tüfəngini dəhşətli hücum silahına, adi ovçu bıçağını isə partlayıcı maddəyə və döyüş sursatına çevirib. Amma bir az fantaziyaları çatmayıb. Gərək uyduraydılar ki, Azərbaycan vətəndaşları Dağlıq Qarabağdan keçərək Erməistana girmək və məsələn, atom elektrik stansiyasını partlatmaq istəyirmişlər, yolda da onlarla erməni hərbi qulluqçunu qətlə yetiriblər. Yəqin bu, daha çox əks-səda doğurardı. 
Bəs, onda bu məhkəmə tragikomediyası rəsmi İrəvanın nəyinə lazımdır? Sadəcə, öz ölkəsində azərbaycanlılara daha artıq nifrət oyatmaq istəyir. Amma hakimiyyətdəki “Qarabağ” klanı bu məsələdə narahat olmaya bilər, onlar məqsədlərinə artıq nail olublar və nifrət estafeti Robert Koçaryanın qanlı əllərindən başqa bir cəllada - Serj Sarkisyanın əmin əllərinə rahatlıqla ötürülüb. Əlləri qana bulaşmış bu iki keçmiş yaraqlının başı Azərbaycana nifrət isteriyasında bir qədər pozulub. 
Erməni hakimiyyəti bu yeni şousu ilə həm də dünya ictimaiyyətinə göstərmək istəyir ki, qoşa lüləli ov tüfəngi olan bu üç azərbaycanlı yalnız Dağlıq Qarabağda deyil, həm də Ermənistanın özündə dövlət çevrilişi planlaşdırırmış. Ən başlıcası isə erməni hakimiyyəti bununla öz xalqının fikrini hər cür toplantılardan, mitinqlərdən yayındırmaq istəyir. Yəni xalqa demək istəyir ki, siz burda etiraz nümayişi keçirirsiniz, Azərbaycan isə üstümüzə təpədən-dırnağa qədər silahlanmış diversant və terrorçular göndərir.
Yəni erməni siyasətçilər yeni bir şey fikirləşə bilmir?..

Mənbə: ANS PRESS

 

8 oktyabr 2014
GO BACK