Qadin.NET / Pensiya yaşı niyə artırılır?

Pensiya yaşı niyə artırılır?

 

Azərbaycanda təqaüd yaşını haqlayan vətəndaşların hansı imtiyazları var?

Adətən insanlar ömrünün cavanlıq dövrünü istirahət bilmədən işləyirlər ki, ahıl yaşlarında təqaüdə çıxıb, ömürlərinin qalan hissəsini istirahət edərək, heç bir maddi sıxıntı yaşamadan ömür sürsünlər. “Bizim Yol” qəzetinin ötən sayında qocalar üçün ən yaxşı ölkələrin siyahısı dərc edilmişdi. BMT-nin əhali fondunun və "HelpAge International"ın apardığı araşdırmalar nəticəsində hazırlanan siyahı 96 ölkəni əhatə edib. Təqaüdçülərin həyat şərtləri dörd meyar üzrə araşdırılıb - sabit gəlir mənbəyi, səhiyyə, inkişaf üçün imkanlar və ətraf mühit. 
Araşdırmalar nəticəsində məlum olub ki, ömürlərinin qalan hissəsini ən yaxşı yaşayan 60 yaşdan yuxarı insanlar Norveçdə, İsveçdə, İsveçrədə, Kanada və Almaniyada yaşayırlar. Ahıl yaşını ən bərbad halda keçirənlər isə Əfqanıstandadırlar.
Bu siyahıda Türkiyə 77-ci, Rusiya 65-ci, Tacikistan 61-ci, Litva 60-cı, Qırğızıstan 49-cu, Gürcüstan isə 28-ci yeri tutub. Hesabatda verilən məlumata görə, Cənubi Qafqaz ölkələri arasında yalnız Azərbaycan ölkədəki qocaların statusu barəsində zəruri olan məlumatları təqdim etmədiyi xüsusi maraq doğurur. 
Bununla bağlı Dövlət Statistikası Komitəsinin mətbuat xidmətinin nümayəndəsiElya Əmirova: “Bizə bu haqda müraciət olunmadığına görə, biz heç bir yerə hesabat göndərməmişik”, - deyə bildirdi.
Dövlət Statistika Komitəsinin rəsmi internet saytında Azərbaycanda müəyyən edilmiş minimum pensiya ölçüləri 2013-cü il sentyabr ayının 1-dən 100 manat tətbiq edilib. “Bizdə qocalıq üçün həyat şəraitinin yaxşı olduğunu deməzdim. Hal-hazırda yaşlılara dövlət qayğısı arzuolunan deyil”, - deyə iqtisadçı ekspertSamir Əliyev “Bizim Yol" qəzetinə bildirib. Onun sözlərinə görə, ölkədəki yaxşı şərait daha çox mentalitetdən doğan bir şəraitdir: “Yəni övladlar həmişə yaşlı valideynlərini öz yanında saxlayır, Avropada isə cavanlar öz yaşlı valideynlərini qocalar evinə yerləşdirirlər”. Ekspert qocalıq statusunun ölkədəki sosial-iqtisadi vəziyyətin yaxşı olmaması ilə əlaqədar olduğunu bildirdi. “Azərbaycanda ahılların yaşayış tərzi ümumi həyat səviyyəsinin tərkib hissəsidir. Ümumilikdə bizim həyat səviyyəmiz necədirsə, yaşlıların da həyat tərzi ona adekvatdır. Avropa ölkələrində ümumi yaşayış tərzi yüksək olduğuna görə onların yaşlı həyatına da bu öz müsbət təsirini göstərir. Ən azı, Avropa ilə müqayisədə bizdə həyat səviyyəsi çox aşağıdır”, - deyə sözünə əlavə etdi.
Avropalı yaşlılar təqaüdə çıxdıqda sanki ikinci dəfə doğularaq yaşamağa başlayırlar. Avropa bir dəfə olanlar bunu təsdiq edə bilərlər ki, oradakı turistlərin çoxunu yaşlı təbəqə təşkil edir. Bunun şahidi olmaq üçün uzağa getmək lazım deyil, elə paytaxta da biz bunun əyani görə bilərik. Bakıya gələn və adətən qrup şəklində gəzən turistlərin çoxunu yaşlı kateqoriyaya daxil etmək olar. “Bizdə qocalarkən sanki insan oturub ölümünü gözləyir. Avropa isə qoca turistlərlə doludur”, - deyə ekspert müşahidələrini paylaşdı.
Ölkədəki təqaüdçülərin sayı
Dövlət Statistika Komitəsinin rəsmi internet saytında 2014-cü ilin ilk rübünü əhatə edən hesablamaların nəticələrində ölkədə təqaüdçülərin ümumi sayının 1277053 nəfər təşkil etdiyi qeyd edilir. Onlardan 506068-i kişi, 770985 nəfəri isə qadındır. Təqaüdçülərin ümumi sayına görə, onlardan təqaüdə çıxanların 791263 nəfəri yaşına, 349095 nəfəri əlilliyinə, 136695 nəfəri isə ailə başçısını itirməyinə, sosial pensiyalar və xidmət illərinə görə təqaüdə çıxıblar. 
Ölkədə qocalıq statusuna görə isə verilən imtiyazlar yoxdur, onlar tibbi sığorta ilə də təmin edilməyiblər. Adi nəqliyyat vasitələrində belə onlar üçün heç bir güzəşt mövcud deyil. Lakin KİV-də yayılan məlumatlarda 2015-ci ilin yay mövsümünədək ictimai nəqliyyat vahid kart sisteminə keçdikdən sonra müəyyən əhali qrupları üçün xidmət haqqı ilə bağlı müəyyən güzəştlərin tətbiq ediləcəyi bildirilib. Bu əhali qrupuna təqaüdçülərin daxil olacağı gözlənilir. 
Pensiya yaşının artırılmasının səbəbləri 
Artıq bir çox ölkələrdə pensiya yaşının artırılması tendensiyası davam edir. Hal-hazırda dünyanın bir çox ölkələrində pensiya yaşı 65 yaş təşkil edir. 2060-cı ilədək Avropa və ABŞ-da pensiya yaşını kişi və qadınlar üçün 70 yaşa qaldırmaq niyyətindədirlər. Almaniya isə bu addımı yaxın gələcəkdə atmaq niyyətindədir. Qonşu Rusiyada isə qadınların pensiya dövrü 55, kişilərdə isə 60 yaşında başlayır. Xatırladaq ki, bu yaş qrupu 1932-ci ildən dəyişməz olaraq qalır. Hökumət isə pensiya yaşını qadınlarda 60, kişilərdə isə 65 yaşına qədər artırılmasını təklif ediblər. 
Azərbaycanda isə 2013-cü ildə qadınlar 59 yaşı tamam olduqda təqaüdə çıxa bilirdilər. Bu ildən isə qadınlar üçün təqaüd yaşı daha 6 ay artırılıb. 
Azərbaycanda 2010-cu ilin 1 yanvarından “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər qüvvəyə minib. Həmin dəyişikliklərə görə, 2015-ci il 1 yanvar tarixindən etibarən qadınların təqaüdə çıxma yaşı 60 yaşa çatdırılacaq. 2015-ci ildən Azərbaycanda kişilərin pensiya yaşı 63, qadınların isə 60 olacaq. 
İqtisadçı ekspertin sözlərinə görə, hal-hazırda Avropada əsas problem qocalıq problemdir: “Yəni əhali kütləvi şəkildə qocalır, yaş dövrü uzanır və bu da büdcə üçün yük olur. Onlarda həyat səviyyəsi yüksək olduğuna görə, yaşlı insanlar təqaüdə çıxandan sonra təxminən 10-20 il də yaşayırlar. Bu büdcə isə dövlət üçün bir yükə çevrilir. Sağlamlıq baxımından bu normaldır, lakin büdcə üçün bu problemdir”, - deyən S.Əliyev məhz bu səbəbdən Avropada təqaüd yaşının artırıldığını bildirdi. Ekspertin fikrincə, Azərbaycan da bunun tərkib hissəsi olaraq beynəlxalq təşkilatların tövsiyəsi ilə təqaüd yaşı artırılır. 

Mənbə:Milli.Az

 

5 oktyabr 2014
GO BACK