Milli.Az Kanal S-ə istinadən bildirir ki, Qazax rayonunun Cümə məscidində qurbanlıq üçün iri buynuzlu mal-qara kəsilərək şəhid ailələrinə, əlillərə paylanılıb. Ümumilikdə Qazaxda 2 tona yaxın ət imkansız ailələlərə, Qarabağ əlillərinə, sərhəd kəndlərinin sakinlərinə verilib. Qurban kəsimi bayram günlərində rayonun bütün kənd və qəsəbələrində davam edəcək.
Müqəddəs Qurban bayramı münasibəti ilə Qərb bölgəsinin şəhər və rayonlarında heyvanlar kəsilib.
Müxtəlif təbəqələrə aid imtiyazlı ailələrə bayram payı verilib.
Göygöl rayonunda Qurban bayramı bütün kənd və qəsəbələrdə qeyd olunub. Bayram münasibəti ilə 50-yə qədər xırda buynuzlu davar, 12 iribuynuzlu mal-qara kəsilib. Yerli baytarların nəzarəti altında kəsilən heyvanlar rayonda yaşayan Qarabağ əlilləri, şəhid ailələri, imkansız və kimsəsizlərə paylanılıb. Ümumilikdə 500-ə yaxın imtiyazlı ailəyə qurban payı çatdırılıb.
Oqtay Həmidov - Göygöl Rayon Baytarlıq İdarəsinin rəisi: “Bizim rayonda qurbanlıq heyvanların kəsilməsi üçün xüsusi yerlər ayrılıb və bütün məntəqələrə baytar həkimləri təhkim olunub. Hər bir heyvan kəsimdən öncə baytar nəzarətindən keçirilir. Deyə bilərəm ki, bu gün kəsilən xırda və buynuzlu heyvanlar tam sağlamdır”.
Göygöl rayon ictimaiyyəti bayram günündə vətən keşiyində dayanan əsgərləri də unutmayıb. N saylı hərbi hissədə keçirilən tədbirdə çıxış edənlər Qurban bayramı münasibəti ilə öz təbriklərini söyləyiblər. Sonra N saylı hərbi hissədə qurbanlar kəsilib.
Samux rayonunda da Qurban bayramı qeyd olunub. Rayonda yaşayan 150 şəhid ailəsi, 70 Qarabağ əlili və 87 ahıl diqqət mərkəzində olub. Onlara qurban əti ilə yanaşı, ərzaq bağlamaları da təqdim olunub. Rayonda 300-ə yaxın iri və xırda buynuzlu heyvan kəsilib. Ümumilikdə 1000-ə yaxın rayon sakininə bayramı hədiyyələri verilib.
Goranboyda isə 2 tona yaxın ət 1000-dək imtiyazlı ailəyə və N saylı hərbi hissələrə göndərilib. Bayram tədbirində çıxış edənlər milli-mənəvi, dini dəyərlərimizin qorunmasında dövlətimizin həyata keçirdiyi proqramlardan danışıb.