Qadin.NET / Sağlamlığınızı onların güdazına verməyin

Sağlamlığınızı onların güdazına verməyin

 

Elm sübut edib ki, insanın keçirdiyi hisslərin sağlamlığa birbaşa təsiri var. Yaşam tərzində qida məhsulları kimi, keçirdiyimiz hisslər də qədərindən artıq olanda orqanizm üçün mənfi fəsadlar yaradır.
Modern.az saytı keçirdiyimiz hisslərin sağlamlığımıza təsiri ilə bağlı maraqlı yazını təqdim edir.
Həddindən artıq sevinmək, sevinc və xoşbəxtlik hissi ürəyə mənfi təsir göstərir. Hədsiz sevinc yeni enerjinin yaranmasına səbəb olur ki, həmin enerji ürək nahiyəsinə yığılır və beyinə doğru istiqamət alır. Başla bədəni birləşdirən kanal dar olduğu üçün enerjinin hərəkəti məhdudlaşır. Bu enerji partlayışına səbəb ola bilər ki, bu da infarkt və insultla nəticələnə bilər.
İnsanın qorxu hissi keçirməsi təbii haldır. Ancaq bu hissin xroniki hala çevrilməsi, daim qorxu hissi içində olmaq sağlamlıq üçün təhlükəlidir. Qorxu hissi ilk növbədə böyrəklərə olduqca mənfi təsir göstərir. Qəfil qorxu hissi keçirən insanın sidiyini saxlaya bilməməsi də bunu bir daha sübut edir.
Qəzəb hissi, əsəbilik ilk növbədə qaraciyərin fəaliyyətində durğunluq yaradır. Bu orqanın enerjisinin durğunluğu nəticəsində həmçinin başgicəllənmə, baş ağrıları da yaranır. Əsəbi və qəzəbli vəziyyət qan təzyiqinin yüksəlməsinə, üzün qızarmasına da səbəb olur. Qəzəb hissinin digər bir fəsadı isə mədə problemləri ilə müşayiət olunur.
Narahatlıq və həyəcan hissi tənəffüs yollarında və ağciyərdə problemlərin yaranmasına səbəb olur. Həyəcanlı insanlar tənəffüs problemləri ilə daha çox üzləşirlər, təngnəfəslikdən əziyyət çəkirlər. Bu hisslər həmçinin yoğun bağısaqda da xoşagəlməz problemlər yaradır.
Nəfəsalmada və tənəffüs sistemində problem yaradan digər hisslərdən biri kədər hissidir. Kədər hissi olan insanın ağciyərinin fəaliyyətində çətinliklər özünü biruzə verir. Müşahidə etsək, görərik ki, kədərli insanlar bu çətinliyi aradan qaldırmaq üçün tez-tez dərindən nəfəs alırlar. El arasında buna ah çəkmək də deyirlər.
Bunları nəzərə alıb hisslərinizin coşub-daşmasına imkan verməyin. Həyatda baş verəcək kədərli və sevincli hadisələri səbrlə qarşılayıb təmkinlə yola salmaq üçün insana ilk növbədə sağlamlıq lazımdır. Hisslərinizi cilovlayın, sağlamlığınızı onların güdazına verməyin. 

Mənbə:Milli.Az

 

5 oktyabr 2014
GO BACK