Qadin.NET / Sayğaca baxmadan yığılan pullar sakinləri pis vəziyyətdə qoydu - VİDEO

Sayğaca baxmadan yığılan pullar sakinləri pis vəziyyətdə qoydu - VİDEO

 

Marneulidə sakinlərin adına içməli suya görə xeyli məbləğdə borc yazılıb. Əlaqədar qurum su pullarını yığan şəxsin səhlənkarlığının sakinləri çıxılmaz duruma saldığını bildirir.
ANS TV-nin məlumatına görə, Marneuli rayonunun Axundov və Bakı küçələrinin sakinlərinin narazılığı son günlərdə onların ünvanına gələn içməli suya görə borcun miqdarıdır. Sakinlərin sözlərinə görə, istifadə etdikləri suyun pulunu gecikdirmədən ödədikləri halda adlarına xeyli miqdarda borc yazılıb.
“Keçən ay 10 lari verdim, ondan 5 gün sonra getmişəm, 67 lari yenə üstünə gəlib. Amma hər ay da vermişəm”, – deyə şikayətçi Şahbaz Çerpanov qeyd edib.
“İndi mənə 145 lari borc gəlib. Deyir, ödəməlisən bu pulu. Bir ildə bir dəfə gəlib sayğaca baxmayıblar, eləcə havadan yazıb bizdən pul yığırlar”, – deyə şikayətçi Hidayət Yusubov vurğulayıb.
Abonentlərin dediklərinə görə, yerli su idarəsindən onlara bildirilib ki, indiyədək ödədikləri su pulu sayğacın göstəricisinə uyğun olmayıb.
Şikayətçi Xəzangül Qurbanova deyir ki, gətirib sayğac qoyublar, amma sayğaca baxmırlar: “Öz yanlarından gəlib yazırlar - 18 lari, 3 lari, 7, 8 lari. 55 lari bir ödəmişəm. İndi gəlib ki, yox, sənin sayğacın 200 lari yazıb, ödəməlisən. Sayğac qoyubsanmı, hər ay gəl, bax, nə yazıbsa, verim”.
Marneuli Sukanal İdarəsinin texniki meneceri Rövşən Babakişiyev problemin həmin ərazi üzrə su pullarını toplayan idarə əməkdaşının səhlənkarlığı üzündən yarandığını bildirdi.
Marneuli Sukanal İdarəsinin texniki meneceri Rövşən Babakişiyevin sözlərinə görə, onların bu küçələrdə inkasatoru çalışırmış: “Həmin inkasator təxminən 3 ay boyunca abonentlərin istifadə etdikləri suyun miqdarını sayğacların üzərində yoxlamayıb və suyun sərfiyyat miqdarını olduğundan az yazıb. Sonuncu aylarda ərazidə yoxlamalar aparılan zaman sayğacların üzərindəki əsl rəqəmlər üzə çıxdı və bundan sonra əhali tərəfindən narazılıq yarandı”.
Rövşən Babakişiyev onu da əlavə etdi ki, təxminən bir il öncə quraşdırılan sayğacların 100 lari dəyərində pulunu tam ödəməyən ailələr var. Və sayğacdan qalan məbləğ də bu borcun üzərinə əlavə olunub. Müsahibin sözlərinə görə, əhali üçün edə biləcəkləri yeganə güzəşt göstərilən məbləği hissə-hissə ödəmək imkanı yaratmaqdır. İdarə əməkdaşı adıçəkilən küçələrin digər problemi olan nasaz su borularının 1956-69-cu illərdə çəkildiyini və yenilənməli olduğunu bildirdi.
Onun sözlərinə görə, şəhərin müəyyən hissələrində başlanılan xətt yeniləmə işinin artıq 30 %-i yerinə yetirilib və plana uyğun olaraq sözügedən küçələrdə də su boruları yeniləri ilə əvəz olunacaq.

Mənbə: ANS PRESS

3 oktyabr 2014
GO BACK