Milli.Az Cənub TV-yə istinadən bildirir ki, cənub bölgəsində ilk dəfə olaraq "Erkən nikahla bağlı interaktiv teatr üslubunda tamaşa" layihəsinə ötən gün yekun vuruldu.
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondunun maliyyə dəstəyi ilə “Erkən nikahla bağlı interaktiv teatr üslubunda tamaşa” layihəsi Azərbaycanın cənubunda yerləşən 6 rayonu əhatə etdi.
Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Astara və Lənkəranda təqdim edilən tamaşanın yekun təqdimatı sentyabrın 30-da Nəcəf bəy Vəzirov adına LDDT-da baş tutdu. Tamaşanın nümayişi zamanı zala toplaşanlar arasında ümummtəhsil məktləblərinin kollektivləri ilə yanaşı, rayon sakinləri də var idi.
Cənub bölgəsində ilk dəfə təqdim olunan interaktiv teatr üslubunda tamaşa gördüyümüz ənənəvi tamaşalardan tam fərqlidir. Burada tamaşa oynanılır və bitəndən sonra qəhrəmanın düşdüyü vəziyyəti auditoriyadakı hər hansı bir tamaşaçı səhnəyə çıxaraq dəyişə bilir. Yəni tamaşaçı izləyici olmaqla yanaşı, tamaşanın qəhrəmanına çevrilə bilir. Erkən nikahla bağlı olan tamaşanın izləyici kontingentini 13–18 yaş arası məktəblilər təşkil edir.
Orxan Cahangirin “Çıxış” pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru CTV-nin əməkdaşı, həmçinin Lənkəran teatrının aktyoru Tərlan Abdullayevdir. Rolları Lənkəran Dövlət Dram Teatrının aktrisaları Gülər Kərimova, Aysel Cahangir, Günel Abbaszadə, aktyorlardan Cənub Regional Televiziyasının aparıcısı Orxan Cahangir və Lənkəran Dövlət Dram Teatrının aktyoru Tərlan Abdullayev canlandırıblar. Tamaşanın aparıcısı isə Cənub Regional Televiziyasının əməkdaşı Tural Kərimovdur. Gənc aktyorlar truppası bu kimi sosial layihələri mütəmadi reallaşdıracaqlarını qarşıya məqsəd qoyublar.
Mənbə: Mİlli.Az