“Azəriqaz” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev aydınlıq gətirdi
Qarşıdan qış fəslinin gəlməsi Bakının Xəzər rayonu, Binə qəsəbəsi, 1-ci və 2-ci döngə adlandırılan ərazinin sakinlərini ayağa qaldırıb.
ANS TV-nin məlumatına görə, sakinlər nə az, nə çox - düz 10 ilə yaxındır ki, qazsızlıqdan əziyyət çəkdiklərini deyirlər. Qəsəbənin 1-ci və 2-ci döngəsindən əlavə digər yollarda qaz boruları çəkilərək bütün evlər qazla təmin olunub. Ancaq borular elə həmin küçələrdə sona çatıb. Sakinlər məcburiyyət qarşısında illərdir qaz balonlarından istifadə edirlər. Aylıq qazanclarının elə balonların doldurulmasına sərf olunduğunu və məntəqələrin uzaqda yerləşməsi səbəbindən qaz bitdikdə hər an gedib çıxa bilmədiklərini deyirlər. Bundan əlavə, qaz bolanlarının təhlükəsi də danılmazdır. Qış aylarında isə qızınmaq məsələsi gündəmə gəlir ki, bu da elektrik enerjisinə və oduna olan tələbatı artırır. Bəziləri isə sadəcə nazik borularla qaz xətti çəkərək tələbatlarını ödəyirlər. Əlbəttə ki, bu da təhlükənin əsas mənbəyidir.
Şikayətçi Fərman Məmmədov deyir ki, burada 1, 4, 8 və 10 il yaşayan da var: “Hazırda sağda da, solda da qaz xətti var. Sakinlər tərəfindən 200 metr məsafədə olan qaz xəttini evlərə çəkmək üçün Mərdəkan Qaz İdarəsinə dəfələrlə müraciət olunub. İdarədən bildirirlər ki, səlahiyyətimizi əlimizdən alıblar”.
Məsələyə “Azəriqaz” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəriAraz Ağayev aydınlıq gətirdi. Onun sözlərinə görə, artıq qazın mənzillərə çəkilməsi məsələsi podratçı şirkətlər tərəfindən aparılır. Bütün məsrəflər də vətəndaş tərəfindən ödənilməlidir.
Qurum rəsmisi onu da bildirdi ki, yalnız bu proseslər bitdikdən sonra vətəndaşla “Azəriqaz” Açıq Səhmdar Cəmiyyəti arasında qaz alqı-satqısı ilə bağlı müqavilə bağlanır. Sakinlərə isə qalır sadəcə yerli qaz idarəsinə müraciət etmək və tələb olunan məbləği ödəmək. Bundan sonra sözügedən ünvanda qazlaşma problemi birdəfəlik aradan qaldırılacaq.
Mənbə: ANS PRESS