Böyük Bakının Regional İnkişaf Planı 253 min hektar ərazini – Bakı, Xırdalan və Sumqayıtı əhatə edir. Plana Abşeron rayonuna aid digər ərazilər də daxildir.Bu barədə məlumat verən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev deyib ki, müfəssəl plan adətən çox kiçik ərazilərə aid olur. İlk dəfədir paytaxtın müfəssəl planına şəhərin mərkəzində 1550 hektarlıq ərazi daxil edilib. Əslində, bununla bağlı müfəssəl plan regional inkişaf planı təsdiqlənəndən sonra işlənilməli idi. Ancaq tikinti-quruculuq işlərinin dayandırılmaması və vaxt itkisinə yol verilməməsi üçün, paralel olaraq Bakı şəhərinin mərkəzi hissəsinin müfəssəl planı da işlənilib və müvafiq qurumlar tərəfindən bəyənilib.“Bu plana əsasən şəhərin mərkəzi hissəsində çox da hündür olmayan 5-7 mərtəbəli binaların inşası planlaşdırılır. Təbii ki, onların çoxmərtəbəli binaların yanında tikilməsi nəzərdə tutulmayıb. Planın 5-10 ildən bir monitorinqi keçiriləcək və işin gedişində yarana biləcək problemlərin həlli istiqamətində müvafiq düzəlişlər ediləcək”, - deyə C.Qocayev əlavə edib.
Mənbə:ANS PRESS