Qadin.NET / Bu azərbaycanlı gənclər təqaüd qazandı

Bu azərbaycanlı gənclər təqaüd qazandı

 

Bu azərbaycanlı gənclər təqaüd qazandı

Bu il Xaricdə Təhsil üzrə Dövlət Proqramına sənəd verən iddiaçılar yüksək rəqabət şəraitində seçiliblər.
ANS PRESS-in Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Dövlət Proqramı üzrə sənəd verənlər arasında fərqləndirici xüsusiyyətlərə malik tələbələrin sayı daha çox olub. Həmin tələbələrin istər xarici dil bilikləri, istərsə də digər akademik göstəricilərində əvvəlki illərə nisbətdə əhəmiyyətli artım müşahidə olunub.
Belə ki, aparıcı universitetlərin reytinqinin top onluğunda yerləşən ali məktəblərdə təhsil almaq üçün 17 nəfər azərbaycanlı gənc Dövlət Proqramı təqaüdünü qazanıb. Həmin tələbələr xüsusi qabiliyyət və potensial imkanları ilə seçilir.
Tələbələrdən Fuad Hüseynov ABŞ-ın Harvard Universitetinə, Fərman Fərmanov, Məsmə Nəcəfzadə, Cahangir Məmmədov Böyük Britaniyanın Oksford Universitetinə qəbul olunublar.
Qeyd edək ki, bu il dünya universitetlərinin QS Reytinqi üzrə ilk 20-likdə yer tutan ali məktəblərə 58 azərbaycanlı təqaüdçü qəbul olunub. Top 30-dakı universitetlərdə Dövlət Proqramını qazanmış gənclərimizin sayı isə 110 nəfərdir. Hazırda Dövlət Proqramı üzrə xaricdə təhsil almaq üçün sənədləri təsdiq olunan təqaüdçülərin sayı 494 nəfərdir. Yekun rəqəmlər yaxın günlərdə məlum olacaq. Dövlət Proqramı çərçivəsində 319 nəfər magistratura, 45 nəfər doktorantura, digərləri isə bakalavriat və rezidentura üzrə xaricdə təhsil almaq hüququ qazanıb.
Bu il Türkiyədə tibbdə uzmanlıq imtahanından keçən tələbələr 66-68 bal toplayaraq yerli tələbələr arasında ən yüksək nəticə göstərənlər sırasında olublar. İlk dəfə bir ildə 9 nəfər Almaniyada kənd təsərrüfatı üzrə təhsil almaq üçün Dövlət Proqramı qazanıb. Avropa musiqisi üzrə 2 nəfər bakalavr səviyyəsi üzrə təhsil almaq üçün göndərilib. Almaniyada baza tibb təhsili almaq üçün 650-dən artıq bal toplayan tələbələrin sayı 4 nəfərdir. İlk dəfə nanotexnologiya üzrə 10 nəfər tələbə magistr xaricə göndəriləcək.

Mənbə: ANS PRESS

 

3 oktyabr 2014
GO BACK