Qadin.NET / 58 tələbəmiz dünyanın ən yaxşı 20 universitetində oxuyacaq

58 tələbəmiz dünyanın ən yaxşı 20 universitetində oxuyacaq

 

Bu il dünya universitetlərinin QS Reytinqi üzrə ilk 20-likdə yer alan ali məktəblərə 58 azərbaycanlı təqaüdçü qəbul olunub

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu il “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq üçün sənəd verən iddiaçılar yüksək rəqabət şəraitində seçiliblər. Belə ki, Dövlət Proqramı üzrə sənəd verənlər arasında fərqləndirici xüsusiyyətlərə malik tələbələrin sayı daha çox olub. Həmin tələbələrin istər xarici dil bilikləri, istərsə də digər akademik göstəricilərində əvvəlki illərə nisbətdə əhəmiyyətli artım müşahidə olunub.
Aparıcı universitetlərin QS Reytinqinin Top-10-luğunda yerləşən ali məktəblərdə təhsil almaq üçün 17 nəfər azərbaycanlı gənc Dövlət Proqramı təqaüdünü qazanıb. Həmin tələbələr xüsusi qabiliyyət və potensial imkanları ilə seçilirlər. Belə tələbələrdən Fuad Hüseynov ABŞ-ın Harvard Universitetinə, Fərman Fərmanov, Məsmə Nəcəfzadə, Cahangir Məmmədov isə Böyük Britaniyanın Oksford Universitetinə qəbul olunublar.
Bu il dünya universitetlərinin QS Reytinqi üzrə ilk 20-likdə yer tutan ali məktəblərə 58 azərbaycanlı təqaüdçü qəbul olunub. Top-30-luqdakı universitetlərdə Dövlət Proqramı çərçivəsində təhsil haqqı almaq hüququ qazanmış gənclərimizin sayı isə 110 nəfərdir.
Hazırda Dövlət Proqramı üzrə xaricdə təhsil almaq üçün sənədləri təsdiq olunan təqaüdçülərin sayı 494 nəfərdir. Yekun rəqəmlər yaxın günlərdə təsdiq olunacaq. Dövlət Proqramı çərçivəsində 319 nəfər magistratura, 45 nəfər doktorantura, digərləri isə bakalavriat və rezidentura üzrə xaricdə təhsil almaq hüququ qazanıblar.
Bu il Türkiyədə tibbdə uzmanlıq imtahanından keçən tələbələr 66-68 bal toplayaraq yerli tələbələr arasında ən yüksək nəticə göstərənlər sırasında olublar.
İlk dəfə olaraq bu il bir ildə 9 nəfər azərbaycanlı Dövlət Proqramı çərçivəsində Almaniyada magistr səviyyəsində təhsil almaq hüququ qazanıb. Avropa musiqisi üzrə 2 nəfər bakalavr səviyyəsində təhsil almaq üçün göndərilib.
Almaniyada baza tibb təhsili almaq üçün 650-dən artıq bal toplayan tələbələrin sayı 4 nəfərdir. İlk dəfə nanotexnologiya üzrə 10 nəfər magistr xaricə göndəriləcək.

Mənbə: Milli.Az

 

2 oktyabr 2014
GO BACK