Qadin.NET / Şadlıq evlərində vəziyyət necədir?

Şadlıq evlərində vəziyyət necədir?

 

Bəziləri təmtəraqlı toy qadağalarına riayət etsə də, əksəriyyət buna məhəl qoymur

Hökumətin yas məclislərində ehsan süfrəsinə müdaxiləsi toy mərasimlərinə də şamil edilməyə başlayıb. 
Yas mərasimlərində artıq demək olar ki, bu məhdudiyyətlərə əməl edilir. Belə ki, əvvəlkindən fərqli olaraq yas süfrələrində yalnız halva, xurma, çay və limon verilir. Ancaq əhali ehsan süfrələrindən daha çox, şadlıq evlərindəki israfçılığın qarşısının alınmasını istəyir. Çünki yas mərasimlərində ehsan könüllü şəkildə verildiyi halda, toylarda restoranlarda məcburi menyu təqdim edilir.
Toy sahibi də məcbur qalıb borc-xərc tapıb bu menyu ilə razılaşaraq toy edir. Toylarda israfçılığa son qoyulması ilə bağlı qeyri-rəsmi məhdudiyyətlərə əməl edən şadlıq evləri də var, buna etiraz edənlər də. 
Bir sıra şadlıq evləri ilə əlaqə saxlayıb standart menyunun ləğv olunub-olunmaması ilə maraqlandıq. Bir sıra şadlıq evlərində standart menyu ləğv edilmək üzrə olsa da, əksəriyyəti bu göstərişə əməl etmədiyini bildirdi. Səbəb kimi isə bunun rəsmi bir qərar olmadığını gətirdilər. 
Qadağaya əməl edən şadlıq evlərindən isə bildirdilər ki, artıq onların şadlıq evlərində müştərilərə konkret menyu yox, onların arzuladığı menyu təklif edilir. Belə ki, artıq vətəndaşın sifarişi əsasında süfrə hazırlanır. Bundan sonra müştəri arzuladığı menyunu sifariş verərək toy mərasimini təşkil edir. Amma qeyd etdiyimiz kimi, əksəriyyət şadlıq evlərində israfçılıq hələ də davam etməkdədir. Güman olunur ki, toylarda israfçılığa qarşı mübarizə bütün şadlıq saraylarını əhatə edəcək. Ancaq toy mərasimlərinə şamil olunacaq bu qadağaların şadlıq evlərini olduqca pis vəziyyətə qoyacağını düşünənlər də var. Bu qadağalar şadlıq evləri və restoranların fəaliyyətini və gəlirlərini əhəmiyyətli şəkildə məhdudlaşdıracaq. Onu da qeyd edək ki, Bakıdakı şadlıq evi və restoranlara qeyri-rəsmi olaraq təmtəraqlı ad günləri və sünnət toylarının keçirilməsi də qadağan edilib. Şadlıq evlərinin nümayəndələrinin bəziləri toy, nişan sahibləri ilə müqavilə bağladığını, bəziləri isə ümumiyyətlə, belə bir sənədə ehtiyacın olmadığını vurğuladılar. Onlar bu qadağalar haqda nə vaxt rəsmi qərar çıxarsa, o zaman buna əməl edəcəklərini bildirdilər. Qeyd edək ki, Milli Məclisin payız sessiyasının ilk iclasında toylarda israfçılıq problemi qaldırılacaq. Həmçinin ad günü, nişan mərasimi və sairə tədbirlərin də məhdud çərçivədə keçirilməsi üçün müdaxilələr olacaq.

Mənbə: Milli.Az

 

2 oktyabr 2014
GO BACK