Qəbələ rayonunda “Nifrət Nitqinə Yox Hərəkatı” Beynəlxalq Gənclər Forumu öz işinə başlayıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Forum Azərbaycanın Avropa Şurasına sədrliyi çərçivəsində Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, Avropa Şurası, AŞ-nın Demokratik Vətəndaşlıq və İştirak Direktoratının Gənclər Departamenti tərəfindən həyata keçirilir.
Forumda Avropanın 47 ölkəsindən 250-yə yaxın nümayəndə, o cümlədən Azərbaycan hökumətinin və Avropa Şurasının yüksək dərəcəli rəsmiləri də iştirak edir.
Heydər Əliyev Mərkəzində keçirilən forum oktyabrın 5-dən davam edəcək. Forumun məqsədi milli və avropa səviyyəsində fəal olan gəncləri toplayıb onların nailiyyətlərini bölüşməkdir.
Tədbir gənclərin nifrət nitqinə qarşı onlayn mübarizəsinin bir hissəsidir.
Forumda Ermənistan nümayəndəsinin də iştirakı gözlənilir. Amma onların tədbirə qatılıb-qatılmayacaqları hələ ki, bilinmir.
Onu da qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurası “Nifrət Nitqinə Yox Hərəkatı”nın Azərbaycan üzrə əlaqələndiricisidir.