İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadi Suriyadan qaçıb.
ANS PRESS-in məlumatına görə, belə bir iddia ilə Şimali İraqda Kürd muxtariyyətinin başçısı Məsud Bərzaninin rəhbərlik etdiyi Kürdüstan Demokrat Partiyası çıxış edib. Partiyadan verilən məlumatda bildirilir ki, terrorçu qruplaşmanın lideri Suriyanın Raqqa şəhərində davam etməkdə olan hücumlardan qorunmaq üçün Mosula qaçıb.
Bərzaniyə yaxın mətbuat orqanlarının yazdığına görə, beynəlxalq koalisiyanın İŞİD-ə qarşı həyata keçirdiyi hərbi əmliyyatlardan sonra Bağdadi hədəf olmaqdan qorxaraq tez-tez yerini dəyişir. İddialara görə, Suriya ilə İraq arasında bir yerə getmək üçün çətinlik çəkən İŞİD lideri bir neçə həftə əvvəl hava zərbələrinin hədəfinə düşsə də, sağ qala bilib.
Bərzaninin partiyasından verilən açıqlamada bildirilir ki, Bağdadi Mosul küçələrində gəzərək, qorxmadığını nümayiş etdirməyə çalışıb.