Polis Qurban bayramı ilə bağlı xəbərdarlıq etdi
Bakının yol polisi qarşıdan gələn Qurban bayramı ilə əlaqədar əhaliyə müraciət edib. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, hazırda qarşıdan gələn Qurban bayramı münasibətilə bölgələrdən paytaxt istiqamətində Qurban kəsilməsi üçün nəzərdə tutulan heyvanların daşınması və onların satılmasına başlanılıb.Bununla əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən yollarda zəruri təhlükəsizlik tədbirləri görülür: “Belə ki, heyvanların paytaxtın inzibati ərazisinə düşən bir sıra küçə və prospektlərdə yolun hərəkət hissəsində, eləcə də yolların kəsişməsinə yaxın məsafədə satılması faktları müşahidə edilir. Bu isə həmin ərazilərdə avtomobillərin normal hərəkətinə maneçilik yaradır ki, bu da yolverilməzdir. Bu, həm də əhali arasında da müəyyən narazılıq yaradır”.Bölmə rəisi qeyd edib ki, qurbanlıq heyvanların satışı qapalı şəraitdə və bunun üçün rəsmi orqanlar tərəfindən xüsusi icazə verilmiş yerlərdə aparılmalıdır: “Bir daha həm heyvanların satışını təşkil edən şəxslərdən, həm də sürücülərdən xahiş edirik ki, bu işi qanunvericilik çərçivəsində görsünlər, heyvanların satışını digər hərəkət iştirakçılarına maneə yaranmayan yerlərdə aparsınlar. Biz də başa düşürük ki, bayramdır və bayrama hazırlıq da aparılmalıdır. Amma bu o demək deyil ki, kimlərsə insanların hərəkətinə süni maneə yaratmalıdır. Ona görə də həmin şəxslərdən xahiş edirik ki, bu məsələlərə diqqət yetirsinlər, heyvanların alış-verişini tam kənarda, qapalı şəraitdə, qanunla icazə verilmiş yerlərdə və formada təşkil etsinlər, yol polisi tərəfindən hər hansı zəruri cəza tədbirlərinin görülməsinə şərait yaratmasınlar”.V.Əsədov qurbanlıq heyvanların alışı üçün gedən vətəndaşlara da xəbərdarlıq edib: “Əhali bilməlidir ki, qurbanlıq heyvanların alınması üçün gedərkən həmin ərazilərdə avtomobillərin sıx cərgələnməsi, tıxaclar və hətta yol qəzaları yaşana bilər. Bütün bunları nəzərə alaraq həmin istiqamətlərdə gedərkən diqqətli olmalı, nizam-intizama, yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər. Əks halda bayram günləri olmasına baxmayaraq və kimliyindən asılı olmayaraq yol hərəkəti qaydalarını pozan bütün şəxslər, insanların hərəkətinə süni maneçilik yaradanlar qanunvericiliyin tələbinə əsasən cəzalandırılacaq, məsuliyyətə cəlb ediləcəklər”.Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı oktyabrın 4 və 5-də qeyd ediləcək.
Mənbə: ANS PRESS
30 sentyabr 2014
GO BACK