Qadin.NET / İkili vətəndaşlığın yaratdığı üstünlük və problemlər

İkili vətəndaşlığın yaratdığı üstünlük və problemlər

 

Qanunvericilikdəki dəyişiklik cinayət məsuliyyətini də nəzərdə tutur

21-ci əsr sivilizasiyanın xüsusiyyətlərindən biri də, şübhəsiz, kosmopolit düşüncə fonunda mədəniyyət, elm, turizm, biznes faktoruna əsaslanmış inkişafdır. Lakin bunlarla paralel meydana gələn hüquqi maneələr də olur. Onlardan biri də vətəndaşlıqla bağlıdır. Məlum olduğu kimi, Azərbaycan qanunvericiliyi ikili vətəndaşlığa icazə vermir.
Maraqlıdır, belə olan təqdirdə ölkə xaricində yaşayan azərbaycanlıların hansı problemləri meydana çıxır? Ümumiyyətlə, xarici ölkə vətəndaşlığını qəbul etmiş azərbaycanlı hansı hüquqlarından məhrum olur?
Suallarımızı cavablandıran vəkil Fariz Namazlı xarici ölkə vətəndaşlığını qəbul etmiş şəxsin bu barədə yazılı məlumat vermədiyi təqdirdə cinayət məsuliyyəti daşıdığını bildirdi: “Azərbaycan Respublikası vətəndaşlığı haqqında qanun”a 30 may 2014-cü ildə edilən dəyişikliyə görə, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 
Amma bu tarixdən əvvəlki vaxtlarda xarici ölkə vətəndaşlığı əldə etmiş Azərbaycan vətəndaşlarına bu hal şamil edilmir. Başqa ölkə vətəndaşlığını qəbul edən Azərbaycan vətəndaşı Azərbaycanın müvafiq qurumlarını bu barədə xəbərdar edir və Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanuna görə, o Azərbaycan vətəndaşlığını itirir. Həmin şəxs gələcəkdə Azərbaycana gələrsə, xarici vətəndaş kimi gəlməlidir. Əcnəbi şəxslərə aid olan hüquq və vəzifələrdən istifadə edərək ölkəyə gəlib fəaliyyət göstərə bilərlər".
Mövzu ilə bağlı fikirlərini bildirən millət vəkili Zahid Oruc isə məsələnin siyasi tərəflərinə şərh verdi: “Bu illər ərzində dediyiniz mövzu ətrafında bir çox suallar verilib və hamısına hüquqi əsaslı cavablar bildirilib. Bəli, bir çox ölkələrdə ikili vətəndaşlıq var və bu dövlət siyasəti kimi tətbiq olunur. Bundan da faydalar götürülür. Məsələn, Rusiyada ikili vətəndaşlıq var və bunun seçilməsinə səbəblər çoxdur. Bunlardan biri demoqrafik göstəricilərlə bağlıdır. Belə ki, ailə üzvlərindən biri Rusiya vətəndaşı olan şəxslər xaricdə yaşamalarına rəğmən, Rusiya vətəndaşı olur. 
Qanunvericiliklərində edilmiş yeni dəyişikliyə görə, hətta rus dilini bilənlər də vətəndaşlığa qəbul edilə bilər. Bu fonda vətəndaşlığın tətbiqindən həm iqtisadi, həm də sosial və bir sıra başqa xarakterli hüquqi imtiyazlar əldə olunmuş olur. Ancaq Azərbaycan nə üçün buna getmədi? Unitar quruluşlu ölkələrdə ikili vətəndaşlığın tətbiqi hansı fəsadlara yol aça bilər? 
Nəzərə almaq lazımdır ki, ortada etnik və milli müxtəliflik var. Tutaq ki, ermənilər, ya ruslar. Onlar ölkə siyasətində vətəndaşlıq sayəsində hüquqlar qazandıqları halda öz ölkələri ilə münasibətlərində müəyyən rol oynayacaqlar. Bu və digər səbəblər fəsadlar arasında yer alır ki, buna görə də hesab edirəm Azərbaycan üçün ikili vətəndaşlıq məqbul deyil. Ona görə ikili vətəndaşlığın əleyhinə olaraq bu fikriləri parlamentin tribunasından da səsləndirmişəm. Xarici ölkə vətəndaşlığını qəbul edən kəslər də bəri başdan bilməlidirlər ki, öz ölkələri ilə hüquqi münasibətlərini çətinləşdirəcəklər.
Ümumən insanlarımızın ölkə vətəndaşlığından çıxması mənəvi baxımdan məni çox narahat edir".
Miqrantlara Hüquqi yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev isə xarici ölkə vətəndaşlığını qəbul etmiş azərbaycanlıların əslində daha yüksək hüquqlara malik olduğunu söylədi: “Birincisi ona görə ki, neçə ölkənin vətəndaşıdırsa, həmin ölkələrin hamısında icazəsiz yaşamaq və işləmək hüququ əldə edir. Eyni zamanda həmin ölkələrin vətəndaşları hansı ölkələrə vizasız gedə bilirlərsə, o da həmin ölkələrə sərbəst getmək hüququnu əldə edir. Lakin elə şəxslər var ki, onlar ikinci ölkənin vətəndaşlığını əldə edən zaman bunu gizlətməyə çalışır və ya bundan qədərincə faydalanmırlar. Buna görə də bəzən problemlər yaşayırlar. Məsələn, Azərbaycanda belə bir təcrübə var ki, məmurlar müəyyən edəndə ki, şəxs eyni zamanda Rusiyanın və Azərbaycanın vətəndaşıdır, dərhal onun Azərbaycan vətəndaşlığını təsdiq edən sənədi fəaliyyətsizləşdirəcəklərini bildirilər. Bu isə qanunsuzdur. Yəni bu sahədə qanunvericiliyin yaratdığı problemlər var. Məmurlar da bundan faydalanır və ikili vətəndaşlığı olanların vəziyyətini ağırlaşdırırlar”.

Mənbə: Milli.Az

 

29 sentyabr 2014
GO BACK