Ermənistanda bu ölkənin Avrasiya İttifaqına daxil olması ilə bağlı gərginlik səngimir. Bu dəfə bir çox siyasətçilərin əsas müzakirə mövzusu Ermənistanla Dağlıq Qarabağı arasında gömrük məntəqələrinin qoyulması ilə bağlı Qazaxıstan, Rusiya və Belarusun tələbi olub. Yada salaq ki, Nursultan Nazarbayev hələ bu ilin yayında bildirmişdi ki, Dağlıq Qarabağ Azərbaycanın ilhaq edilmiş hissəsidir və Ermənistana heç bir dəxli yoxdur. Ermənistan parlamentinin deputatı Aleksandr Arzumanyan bununla bağlı jurnalistlər qarşısında çıxış edərək bildirib ki, Ermənistanın yeni ittifaqa bu şərtlərlə daxil olması kollektiv intihar deməkdir. "Biz, belə olan halda, Moskvadan tələb etməliyik ki, Rusiya ilə Krım arasında gömrük məntəqələri quraşdırsın",- deyə o vurğulayıb. Arzumanyan bildirib ki, bir il qabaq Ermənistan normal Rusiya ilə danışıqlar aparıb, bu gün isə o, sanksiyalar altında qalıb və təklənib. Ermənistanın naziri, hökumət aparatının başçısı David Arutyunyan da brifinq keçirib və tədbir zamanı Dağlıq Qarabağla Ermənistan arasında gömrük məntəqələrinin quraşdırılıb-quraşdırılmaması barədə suala cavab verməkdən yayınıb. Jurnalistlərin bu barədə suallarına Ermənistanın iqtisadiyyat nazirinin müavini Qaregin Melkonyan da cavab verməkdən imtina edib. Ümumiyyətlə, bir çox politoloqlar hesab edir ki, istənilən halda, oktyabrın 10-da Qazaxıstan, Rusiya və Belarus tərəfindən irəli sürülən şərtlər daxilində Ermənistanın Avrasiya İttifaqına daxil olması üzrə saziş imzalanacaq. Ekspertlər düşünür ki, iqtisadi xaos içində olan Ermənistanın başqa yolu yoxdur.
Mənbə: ANS PRESS