Ermənistan paytaxtı İrəvanda, demək olar ki, bütün mənzillər satışa çıxarılıb. Amma ANS PRESS-in məlumatına görə, şəhərdə mənzil alanların sayı çox azdır və göstərici ildən ilə azalmaqda davam edir.
Ermənistan Dövlət Əmlak Kadastrı Komitəsinin məlumatına görə, avqust ayında şəhərdə mənzil alqı-satqısı illik hesabla 0,8% azalıb. Həyət evlərinin alqı-satqısında isə illik hesabda 20,7% azalma baş verib.
Və bu da təbiidir. Ölkə əhalisinin əksəriyyəti miqrasiya barədə düşünür. 2013-2014-cü illərdə Ermənistanda Avrasiya İnkişaf Bankı (AAİB) tərəfindən keçirilmiş “İnteqrasiya barometri AAİB – 2014” sorğusu nəticəsində müəyyən edilib. Ölkə əhalisinin 26-30%-i Rusiyaya miqrasiya etmək barədə düşünür. 2013-cü ildə Rusiyada 600 mindən çox əmək miqrantı çalışıb, 50 minə yaxın erməni isə ölkəni birdəfəlik tərk edərək vətəndaşlıqdan çıxıb. Müstəqil erməni mənbələrinin araşdırmalarına görə, hazırda Ermənistanda 600 min əmək miqrantını saymadıqda 1,3 milyon adam qalıb. Həmin 1,3 milyon adamın da 70 faizi İrəvanda və Gümrü kimi iri şəhərlərdə yaşayır. Kəndlərdə və kiçik qəsəbələrdə isə cəmi 400 min adam qalıb.
Vəziyyət İrəvandakı əmlakı qiymətlərinə də təsir göstərib. Ermənistan Dövlət Əmlak Kadastrı Komitəsinin məlumatına görə, Ermənistan paytaxtının ən prestijli məhəlləsi Kentronda 1 kvadratmetr mənzilin qiyməti 428 min dram, yəni təxminən 1 dollar ətrafında dəyişir. Bu, region ölkələrindəki qiymətdən bir neçə dəfə aşağıdır.