Günümüzün aktual problemlərindən biri də boşanmalardır. Qeyd edək ki, bu problem dindar ailələrdə də yaşanır. Allah-taala buyurur ki, talaq zamanı Mənim ərşim titrəyir. Allah özü boşanmanın nə qədər bəyənilməyən olduğunu göstərir. Bəs görəsən, dindar ailələr bu məsələyə niyə laqeyd yanaşır? Dindarların boşanma məsələsi nədən qaynaqlanır?
Müşahidələr göstərir ki, dindar ailələrdə boşanmaların müəyyən qisminin səbəbi kişilərin ailə dolanışığına soyuq yanaşmalarıdır. Kişilərin iş məsələsində tənbəllik göstərmələri tənqid olunası mövzulardadndır. Dində ailəyə ruzi qazanmaq kişinin vəzifəsindən irəli gəlir.
Milli.Az islam.az-a istinadən bildirir ki, bəzən bu problemlər tənzimlənməmiş qaynata-qaynana münasibətlərindən, kişinin daimi nikahda olan ailəsinə cinsi və sosial cəhətdən ciddi yanaşmayaraq yersiz müvəqqəti nikah məsələsinə daha çox diqqət ayırmasından yaranır.
Qeyd edək ki, bu məsələdə günah təkcə dindar fərdlərdə deyil. Ailədaxili münasibətlərin qorunmasında ilahiyyatçı mütəxəssislər, ruhanilər, axudlar, imam-cümələr müntəzəm olaraq moizə oxumalı, nitq söyləməli, dini icmalar dindar ailələrlə ailə-valideyn münasibətləri haqda psixoloji müzakirələr aparmalıdırlar. Bunun üçün təcrübəli mütəxəssislərdən istifadə etmək işin daha effektli olmasına gətirib çıxarar. Möhkəm və mənəvi bağlar əsasında qurulmuş dindar ailələr ölkəmizin parlaq sabahı deməkdir.
Mənbə: Milli.Az