Qadin.NET / Arıqlama preparatları bəzən ölümə aparır

Arıqlama preparatları bəzən ölümə aparır

 

Bu dərmanlar istifadəçilərin daha sonra 3 dəfə artıq kilo almasına səbəb olur

Çirkin qadın yoxdu. Yalnız gözəl görünməyi bacarmayan qadınlar var. Ona görə də hər bir qadın əlindən gələni edir ki, təki gözəl, cazibədar görünsün. Gözəl görünməyin əsasını isə təbii ki, arıq olmaq təşkil edir. Amma bu gözəl görünmək bəzən bizə baha başa gəlir. Hətta o qədər ki, ölümün belə pəncəsinə gedib çıxırıq. Arıqlamaq üçün istifadə olunan dərmanlara ancaq belə tərif vermək olar. Bu dərmanlar insanı arıqlatmaqla yanaşı, həm də sağlamlığımıza ziyan vurur ki, nəticədə bəzən orqanizm öz gücünü itirir.
ANS TV-nin məlumatına görə, gözəl və incə bədən quruluşu hər bir xanımın arzusudur. Bəlkə də, elə ona görədir ki, bu gün köklükdən əziyyət çəkən xanımlar müxtəlif preparat və həblər qəbul edərək arıqlamağa can atırlar. Bəzilərində bu uğurlu alınsa da, böyük əksəriyyəti barədə bunu demək olmaz. Çünki bəzən bu dərmanların keyfiyyətsiz olması, bəzən tərkibindəki kimyəvi qatqılar, bəzən də ondan düzgün istifadə etməmə sonda orqanizmdə ciddi fəsadlarla nəticələnir. Artıq qonşu ölkə Türkiyədə, Rusiyada həkimlər bu preparatlardan ölüm halı baş verdiyi üçün həyacan təbili çalır. Xüsusilə də onların qeyri-qanuni satışına qarşı mübarizə aparırlar. Elə ölkəmizdəki apteklərdə də kifayət qədər arıqlama preparatları satılır, alıcıları da az deyil. Əczaçılarsa, apteklərə gətirilən dərmanların keyfiyyətinə xüsusi önəm verdiklərini deyirlər.
Ekspertlər ağır fəsadların vətəndaşların bu dərmanları daha çox həkimsiz, özbaşına və reklam əsasında istifadə etdiyindən baş verdiyini deyirlər. Üstəlik, bəzi arıqlama preparatlarının təlimatında ətraflı məlumatın verilməməsi də ondan istifadə edənlərdə ciddi problemlərə gətirib çıxarır. Həkimlər də arıqlamaq üçün istifadə olunan həb və preparatların orqanizmə böyük ziyanı olduğunu, hətta insanı ölümə belə apardığını deyir.
Həkim Arzu Musayeva bu preparatların hormonal xəstəliklərə səbəb olduğunu bildirdi:
"Yəni bu preparatlar əgər şəxsi 3 ay arıq saxlayırsa, növbəti aylarda, hətta onların 3 dəfə bundan artıq kilo almasına səbəb olur. Ya da ki, preparatın tərkibindəki xüsusi maddələr müsbət nəticə versə də, sonradan əks təsir göstərərək piylənməyə gətirib çıxarır”.
İnsanların çox vaxt köklük və arıqlığı özünə böyük dərd etdiyini deyən psixoloqlar məsələyə bu qədər ciddi yanaşılmasını vacib hesab etmirlər. Yəni hər bir insanın öz bədən quruluşu var, əgər o, genetik olaraq 70 kq-dırsa, elə də olmalıdır. Ondan artıq arıqlamaq istəyərsə, səhhətinə pis təsir göstərəcək. Psixolqlara görə dünyada qəbul edilən gözəllik standartları tədricən aradan yığışdırılmalıdır. Hər bir insan özünün bədən quruluşuna uyğun yaşamalı və rahat olduğu çəkidə də qalmalıdır. Psixoloqlar arıqlama dərmanlarının effktiv təsirini görməyən xanımların psixikasında problemlər yarandığını, onlarda biokimyəvi stress getdiyini deyir.
Hər halda öz əlinizlə bəlaya yuvarlanmaq istəmirsinizsə, təbii üsullarla, xüsusilə də sağlam qidalanaraq arıqlayın.

Mənbə: Milli.Az

 

27 sentyabr 2014
GO BACK