Rusiyanın cənubunda sentyabrın 24-də güclü külək və leysan yağışlar səbəbindən elektrik enerjisi təchizatında yaranmış problemlərlə əlaqədar 103,75 minədək insan hələ də işıqsız qalmaqdadır.APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Energetika Nazirliyinin saytında bildirilir.
“127 yaşayış məntəqəsində 103 750 istehlakçının elektrik enerjisi ilə təchizatı dayandırılıb”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, sentyabrın 24-də güclü külək və leysan yağışlar nəticəsində Krasnodar diyarı, Rostov vilayəti və Krımda 687 min əhalisi olan 531 yaşayış məntəqəsində elektrik enerjisinin verilişi dayandırılmışdı. Bundan başqa, Azov dənizində və Don çayında suyun səviyyəsinin qalxması nəticəsində Krasnodar diyarı və Rostov vilayətinin 31 yaşayış məntəqəsində daşqınlar baş verib, nəticədə 3 mindən çox ev su altında qalıb. Təbii fəlakət nəticəsində xəsarət almış 95 nəfər tibb məntəqələrinə müraciət edib, onlardan 66 nəfəri xəstəxanaya yerləşdirilib.