Qadin.NET / Teflon qablar zəhər mənbəyidir?

Teflon qablar zəhər mənbəyidir?

 

Aşınmış tavaların istifadəsi məsləhət deyil

Xanımlar, demək olar ki, günün çox hissəsini mətbəxdə keçirir. Xüsusən evdar qadınlar daha çox ləzzətli yeməklər hazırlamaq və ailəsini sağlam qidalandırmaq üçün hər şeyin ən incə detalına kimi fikir verir. Yanmayan, rahat yuyulan qab və qazanlardan isə demək olar ki, bütün qadınlar istifadə edir. Bu cür mətbəx əşyaları yeməkləri yandırmır və yuyulan zaman əlavə zəhmət də tələb etmir.
Teflon materialdan hazırlanan mətbəx əşyalarına insanlar arasında maraq böyükdür və bu gün elə bir ev tapmaq mümkün olmaz ki, orda teflonun hər hansı bir bişirmə qabına rast gəlinməsin. Olduqca münasib qiymətə satılan teflon qazan, tavalar istər rəng, istər dizayn baxımından da mətbəxin sevimli əşyalarına çevrilib.
Ev xanımlarımız mətbəxlərində, böyük məmnuniyyətlə, teflon örtüklü qablardan istifadə edirlər. Teflon materialı öncə hərbçilərin diqqətini cəlb etmiş və uzun müddət radarların istehsalında istifadə olunub. Yalnız 20 il keçəndən sonra bu materialdan mətbəx qablarının istehsalında istifadə etməyə başlanıb. Lakin teflon örtüklü qabların təhlükəsizlik məsələsi hələ də açıq qalır. İnsanların əksəriyyəti belə düşünür ki, teflon materialdan hazırlanmış qab-qacaq bir növ zəhər mənbəyidir və bu qablarda hazırlanan xörəklərin sağlam yemək olmasından danışmaq yersizdir. Əksər insanlar üçün isə bu söhbətin teflon qabların satışının azaldılması üçün gəzən şayiələrdən ibarət olduğu fikrindədir.
Mahir Behbudov Bakıdakı yeməkxanaların birində baş aşpaz kimi çalışır. Dediyinə görə, cavabdeh olduğu mətbəxdə qab və qazanların 90%-i teflon materialdan hazırlanıb. Gün ərzində yüzlərlə insanın sifarişini qəbul edən mətbəxdə başqa materialdan hazırlanmış qablardan istifadə etmək mümkün deyil. Bu cür qablar daha tez yeməyin yanmasına, eləcə də qazana yapışmasına səbəb olar ki, bu da həm vaxt itkisinə, həm də müştərinin narazılığına səbəb ola bilər: "İllərdir aşpazam. Ən dadlı yemək hansı qazanda hazırlanır deyə soruşsalar, birmənalı şəkildə deyərəm ki, teflon qablarda dadlı yemək hazırlamaq qətiyyən mümkün deyil. Dadli yemək üçün keramik qazanlar məsləhətlidir ki, bu qazanları alanlar da azdır. Çünki keramik qazanlar olduqca bahadır və sağlamlıq baxımından yeməyi daha gec bişirir".
Həmsöhbətimizə görə, teflon artıq bir standartdır. Hər kəs bunu qəbul edib. Əgər bu gün sadə ev xanımlarının mətbəxində də teflonlardan istifadə edilirsə, artıq zərər haqqında danışmaq çox gecdir: "Teflon yandırmır, yapışdırmır, məcburuq bu qablarla işləməyə. 1 saat yemək bişirib 2 saat o qabı yumaq vaxt itkisindən başqa bir şey deyil. Teflon elədir ki, sal suya, çıxar, tərtəmiz olacaq. Teflon zərərlidir. Aşınmış, qaşıqla qarışıdırıldıqda dibləri cızılmış qablarda yemək bişirmək hazır aşa zəhər qatmaq kimi bir şeydir. Mümkün qədər az istifadə olunması məsləhətlidir".
İki il qabaq alimlərin apardığı tədqiqatlar nəticəsində məlum olub ki, teflon örtük qızan zaman benzol ayırır. Doğrudur, toksinlərin ayrılması temperatur 220-250 dərəcədən artıq olanda baş verir və benzolun qatılığı yol verilən həddən yüksək olmur. Zədələnmiş örtük isə daha təhlükəlidir. Əgər teflon örtüyü çəngəl və ya hər hansı bir iti əşya ilə zədələnibsə, mütəxəssislər bu qabdan istifadə etməyi məsləhət görmürlər. Polimerlərin toksikologiyası laboratoriyasının mütəxəssisləri iş praktikasında belə bir halı qeyd ediblər ki, Çində istehsal olunan teflon örtüklü tava normadan 10 dəfə artıq formaldehid ayırır. Ona görə də qab-qacaq seçərkən, yalnız üstündə keyfiyyət nişanı olan mallara diqqət yetirin. Onlar etibarlı sayılırlar. Qab-qacağın keyfiyyətli olub-olmamasını yalnız mütəxəssislər aydınlaşdıra bilərlər. Onların fikrincə, qazan və tavalar istifadə edilən zaman yaranan xoşagəlməz qoxu heç də qabların zəhərli olmasını sübut etmir. Qoxudan azad olmaq üçün qabı yaxşaca yumaq və onda zəif sirkə məhlullu suyu qaynatmaq lazımdır.
Emal səhvi olmazsa, tavaların tərkibindəki maddənin qana qarışma ehtimalı yox deyiləcək qədər azdır. Lakin Amerikada aparılan araşdırmalar göstərir ki, teflondan istifadə edənlərin qanında bu maddə az miqdarda da olsa aşkarlanıb. Yüksək istehsal standartı olan teflon tavalar üçün xərçəng riski baxımından xüsusi narahatlıq yoxdur. Amma bu tavalar yaxşı istehsal edilməzsə və yaxud yüksək səviyyədə istehsal edilmiş tava zədələndikdən sonra istifadə edilərsə, təhlükə realdır. Zədələnmiş tavaların bir cızıqdan sonra istifadədən çıxarılması isə elə də real deyil.
Toksikoloq Azadə Həsənovanın sözlərinə görə, teflon materialdan olan bütün qablara qarşı həssas olmaq lazımdır ki, onlar da ailə üzvlərini zəhərləməsin. Əks halda istifadə olunan teflon materialın qorxunc zərərlərindən heç kim sığortalı deyil. 

Mənbə: Milli.Az

 

25 sentyabr 2014
GO BACK