Qadin.NET / Gözlənilən zərbə gəldi: bazarlarımız batır

Gözlənilən zərbə gəldi: bazarlarımız batır

 

Yarmarkada satışa çıxarılan məhsullar iki dəfə azalıb, bazarda tərəvəz məhsulları getdikcə qeybə çəkilir

Adətən payızda meyvə-tərəvəz bol olduğundan, qiymətlər də nisbətən liberallaşır. Bu payız qiymətlərin enəcəyi yoxdur, əksinə hər həftə sürprizlərlə qarşılaşırıq. Bazarda kənd təsərrüfatı məhsulları xeyli azalıb. Həmişəki kimi "qiymət artırmamaq" xatirinə paytaxtın ən ucuz bazar və dükanlarını müşahidə üçün seçdim. Vəziyyət heyrətləndirici idi. Adətən yarmarkanın içərisindəkindən iki dəfə də çox bayırda məhsul satılırdı. Bu dəfə isə əksinə, bazar iki dəfə balacalaşmışdı, alış-veriş sadəcə qapalı sahədə gedirdi. 
Boşalmış ərazilərdə, yolun ortasında indi avtomobillər park ediblər. Ətrafda polislər əraziyə nəzarət edir, ara-sıra kəndlilərlə "ünsiyyət"ə girir, bayırda qalan tək-tük satıcı ilə aralarında epizodik mübahisələr yaşanırdı. Bir alıcı polisə yaxınlaşıb bazara nəzarətin olub olmadığını soruşdu, ayrıca nəzarət tərəzisi ilə maraqlandı. Polis ehtimal etdi ki, var. Lakin doğrusu indiyə qədər mən nəzarət tərəzisini burada görməmişəm. Bilmirəm, bəlkə diqqətsiz olmuşam, amma belə vacib bir nüansı nəzərdən qaçıra bilməzdim deyə düşünürəm. 
İçəridə gördüyüm mənzərə də əvvəlki vaxtlardan fərqli idi. Bazarda meyvə kifayət qədər olsa da, sanki tərəvəz yoxa çıxmışdı. Tərəvəzin olduğu piştaxtalar barmaqla sayıla biləcək qədər idi. Qiymətlərin od tutub yandığını son ay yarım - iki ayda müşahidə edirik. Amma maraqlı burasıdır ki, əvvəllər yenə az da olsa, bazarı dörd dolanıb nisbətən orta qiymətə məhsul axtarıb tapmaq mümkün idisə, indi demək olar qiymət fərqi qalmamışdı, pisi də baha idi, yaxşısı da. Get-gedə keyfiyyətsiz məhsullar artıb və bu məhsulları da ucuz almaq mümkün deyil. 
Bazarda qiyməti alverçilər "tənzimləyir"
Mövsümi tərəvəz məhsullarından pomidor onsuz da ceyranın belindədir - 1 manata, 1 manat 50 qəpiyə əzik-üzük, içi qurdlusunu almaq olar. Keyfiyyətlisi isə 1 manat 80 qəpik, 2 manatdan aşağı deyil. Bu məhsulun "gözümü oxşayanı" zirə pomidoru idi ki, o da bahaydı. Bazarda dolaşan evdar xanımlar heç pomidora tərəf baxmırdılar, bəlkə yemək üçün 1-2 kilo alanlar vardı, amma qış ehtiyatına görə maraqlanan görmədim. Ümumiyyətlə, bu il sorğu keçirdiyim əksər xanımlar qış ehtiyatı görmədiklərini deyirlər. Qışa hazırlaşanlar isə əvvəlki illərdəki kimi bolluq içində üzmürlər, sadəcə meyvə-tərəvəzdən az miqdarda bişirməyə çalışıblar ki, yavanlıq olsun. Digər əsas tərəvəz məhsullarından xiyar da 80 qəpik - 1 manat idi. Badımcan 70 qəpik, kartofun yaxşısı 80 qəpik - 1 manatdan başlayırdı. 60-70 qəpiklik kartof isə süfrəyə çıxarılmalı deyildi, belələrinin dadının da yaxşı olmadığını deyirlər. 
Bazarda meyvə lazımi qədər olsa da, onların qiyməti optimal sayılmaz. Yarmarkanı başdan-başa dolaşıb zənbilinin sadəcə dibini doldurub çıxanlar vardı. Üzümün ən pisi 1 manat 50 qəpik idi, yaxşısı 2 manatdan yuxarı. Şaftalı da eyni qiymətə satılırdı. Almadan bol olsaq da, yaxşısı ucuz deyil, bir az babatı 1 manatdan başlayırdı, ortabablar isə yenə iki manat civarındadır. 
Bu dəfə satıcılarla çox da ünsiyyətə getmək fikrində deyildim. Çünki eyni şikayətləri eşidəcəyimi bilirdim. Həm də görünən dağa nə bələdçi? Amma Ağcabədidən olan Seyidələsgər özü məni dilə tutdu, xahiş elədi ki, satdığı üzümdən alım. Keyfiyyətli deyildi, qiyməti də 1 manat 50 qəpikdi. And-aman elədi ki, halal məhsuludur, bağından dərib gətirib. Hətta 10 qəpik də endirim elədi. Soruşdum "bunun maya dəyəri nədir ki, bu qədər baha verirsiz?", cavab verdi ki, qoyduğu qiymətin maya dəyəri ilə əlaqəsi yoxdur. O, qiyməti nə Rusiya faktoru ilə izah etdi, nə də quraqlıqla. Bildirdiyinə görə bazarda qiymətlər balanslı olsun deyə, belə satmağa məcburdur. 
Sən demə, qiymətin aşağı olmaması üçün də nəzarət var, qiymət ucuz olanda satıcılar narazılıq edir. Yarmarkalar təzə fəaliyyət göstərəndə Kənd Təsərrüfatı Nazirliyi nəzarət edirdi ki, qiymətlər bazar qiymətlərindən ucuz olsun ki, əhali buraya maraq göstərsin. Hazırda bu sahədə bir növ anarxiyadır desəm, yanılmaram. Çünki qiymətə nəzarət edilmədiyi bahalıqdan bəllidir. Seyidələsgər dedi ki, başqaları məhsulu ondan 30-40 faiz baha satır: "Keçən həftə 1 manat 20 qəpikdən satmışdım. Özü də yalan danışmıram, nə Səlyandan deyil, nə də Ağsudan. Tərəvəz də gördüyünüz kimi azalıb. Həm müəyyən hissə Rusiyaya ixrac olunur, həm də yerində bostanda da azalır. Ağcabədidə su boldur, o boyda Qarabağ kanalı var. Əsasən üzüm gətirirəm, nar isə azdır. Axşama doğrudur, bir az satmışıq, o qədər də çox alver yoxdur".
Camaat vacib tərəvəz məhsullarına pul xərcləyir
Yalanla məhsulunu satmaq çoxlarının qanında var. Məsələn, kəsilmiş toyuğun həyətdə yetişdirildiyi deyilsə də, alıcı xanımlardan biri bunun həqiqət olmadığını söylədi. Dedi ki, nə həyət toyuğudur, nə də normal broyler, əti olduqca bərkdir, saatlarla bişirilsə də, yumşalmır. Balığın kilosu 6-7 manatdır. O da təzə olub-olmadığı bəlli deyil, suyun içində olsalar da, "hovuz"da həyat nişanəsi yox idi. Qarşıdan gələn bal yarmarkasına da Kənd Təsərrüfatı Nazirliyindən müdaxilə edilməyəcəyi, qiymətlərin sərbəst olacağı bildirilib. Son vaxtlar nazirlikdə oturanları istehlakçının büdcəsi yox, alverçilərinki daha çox maraqlandırır. 
Bazarda kələm gözümə dəyməmişdi. Nizaminin dükanında kələmin kilosu 1 manatdır. Dedi ki, baha deyil, başqa yerlərdən ucuz satır. Üzüm də 2 manat idi. Almanın kilosu 1 manat - 1 manat 50 qəpik. İnsafən satdığı məhsullar safdı, amma qiymətləri də ucuz deyildi. Onda da yaxşı meyvə-tərəvəzin qiyməti 2 manatdan başlayırdı. Armud, şaftalı, üzüm 2 manat, pomidor yenə həmin qiymətə. Soğan, badımcan 50 qəpik, kartof, xiyar 80 qəpik, bibərin kilosu 1 manatdır. Dediyinə görə, bazardan almır, kənddən gələnlərdən götürür. Qiymətlərin bu səviyyəyə çatmasının səbəbini Rusiya faktoru ilə izah edir: "Alverçi almanın kilosunu kəndlidən 20 qəpiyə istəyir, kəndli satmır. Qonşu ölkəyə aparanlar isə qapısındaca ona 40 qəpik ödəyir, həm də bizim kimi 40-50 kilo yox, tonlarla alır. Odur ki, kəndli də məhsulunu daha çox pul təklif edənə satır. Yerdə qalan çürük-çarığı isə maşınlara qoyub yerli bazarlara göndərirlər. Kəndli fikirləşir ki, o boyda kilometrlərlə yolu ölçüb Bakıya gəlib yolpulu, yerpulu ödəyib üstəlik əziyyət çəkməkdənsə, elə qapısındaca satsa ona daha sərfəlidir. Bu səbəbdən yerli bazarda həm qiymət artır, həm də məhsul qıtlığı yaranır. Kənardan baxana asan gəlir, amma biz hazırda 3-5 manat qazanc üçün çabalayırıq. Kələmin topdansatış qiyməti 70-80 qəpikdir, gündə 10 kilo kələm satırıq, qalan 2 manatı da arabaçı alır. Məhsulların qiyməti son 2 ayda xeyli bahalaşıb. Bəzilərində 100 faiz bahalaşma var. İndi mövsümdür, pomidorun uzaqbaşı 80 qəpik - 1 manat olan vaxtıdır, amma baxın görün həmin qiymətə saf məhsul tapa bilərsiz? Aşağısı 2 manatdır. Bayaqdan burada dayanıb söhbət edirik, gördüyünüz kimi 1 nəfər də olsa müştəri yaxınlaşmır. Günümüz belədir. İnsanlar artıq əvvəlki kimi bədxərclik edə bilmir, ürəyi istəyən hər meyvədən almırlar. Daha çox ehtiyac olan tərəvəz məhsulları satılır. Kartof, soğan, kələm gündəlik rasiona daxil olan tərəvəz məhsullarıdır, insanlar onları məcburiyyətdən alırlar. Əvvəlki vaxtlarla müqayisədə camaatın alıcılıq qabiliyyəti zəifdir. 2-3 il bundan əvvəlki vəziyyətlə 2-3 ay bundan əvvəlki vəziyyət bir-birindən fərqli idi. Bu gün də dünənkindən fərqlidir. Əvvəllər 2 kilo pomidor, 5 kilo xiyar alan indi gəlib hərəsindən yarım kilo götürür. İlbəil qiymət artımı olur. Keçən ilə nisbətən bu ilin qiymət artımı rekord həddə çatıb, ötən ilin cari dövründəki ilə bu ilinkini müqayisə edəndə iki dəfə bahalanma müşahidə olunur. Gəlirimiz də iki dəfə azalıb. Əvvəl bir məhsula 500 manat verib ondan 100 manat tuturdum və həmin qazanc xərclərimi ödəyirdi, mənə də 20-30 manat gəlir qalırdı. İndi həmin puldan qalan 50 manat xərclərə gedir, yerdə 5-10 manat qalır. Artıq müflisəm, odur ki, xərcləri azaltmağa məcburam, hazırda həm müdirəm, həm də nökər. İşçi tutmağa imkanım yoxdur, bütün işləri özüm görürəm. Mən hazırkı durumla bir də əlavə ödənişlər etsəm, heç bir həftə duruş gətirə bilmərəm. İşim o qədər çöküb ki, artıq işimin başında özüm oturmuşam ki, qazandığım o 5 manat evimə getsin". 
Üçüncü adamların əlinə keçməyən məhsula 300 nəfərlik növbə
Müsahibim qiymətlərə, məhsulun həcmi və keyfiyyətinə daha çox xarici bazara çıxışın təsir göstərdiyini düşünür, nəinki quraqlığın: "Ağac elə ağacdır da, yerində durur. Malın harada yaxşısı var, göyərtisindən tutmuş banana kimi, məhsulların hamısı Rusiyaya ixrac olunur. Oraya xarab məhsul aparmırlar. Sahibkar yaxşı mal aparır ki, 3-5 manat pul tuta. Təmiz meyvənin qiyməti iki manatdır, ondan aşağı qiymətə alacaqsızsa, o qədər saf olmayacaq. Lobyanın topdansatış qiyməti 2 manat 30 qəpikdir, heç fərli də deyil, ağac kimidir. Onu gətirmirəm, çünki üstümdə qalır. Keçən il satışda qiyməti 1 manat idi, özü də yumşaq. Heç baha olsa da, indi eləsi yoxdur. Hazırda xarici məhsullar bazarda hegemonluq edir, Türkiyənin, Pakistanın kartofu bazara dolub. Yerli məhsullar dadına görə üstündür, amma çox vaxt saf olmur, Tovuzun, Qusarın kartofu deşik, çürükdür, müştəri də bəyənmir. Ona görə gətirmirəm. Dadlı meyvə-tərəvəz gözəl olmur, amma camaat görünüşə fikir verir. Qiymətlər keçən illə müqayisədə əksər mallarda 100 faiz artıb. Məsələn, keçən il bu vaxtlar 50 qəpiyə satdığım alma bu il 1 manatadır - 100 faiz bahalanıb. Pomidor 1 manat idi, indi qiymət iki dəfə artıb. 1 manata elə saf daş kimi pomidorlar satırdım, kafelər yeşiklərlə daşıyıb aparırdılar. Göyərtini 12 qəpiyə alıb 20 qəpiyə satırdım. 100 dəstədə 8 manat qazanc qalırdı. İndi 17 qəpikdən aldığıma görə o qədər göyərtidən mənə 3 manat qalır. Onun da 2 manatını polietilen torbaya verirəm, göyərtini camaatın cibinə qoymayacam ki. Üstəgəl icarəsi, taksipulu və s. baxırsınız ki, yerdə pul qalmır. Gəlirim də iki dəfədən çox azalıb. Camaatın güzəranı yaxşı olsun ki, gəlib məhsul alsın. Hər kəs evinə ərzaq almaq istəyir, amma qiymət əlçatan deyil, çoxu baxıb gedir. Çünki insanların dərdi tək bir məhsula deyil ki, min cür ehtiyacı var". 
Bazara alverçi faktorunun daha çox təsir etdiyini əvvəllər də yazmışdım. Nizami alıcıdan şikayətlənsə də, dükanından 200 metr aralıda bir həyətin qarajında səhərlər 300 nəfər növbəyə durur. Özlərinə kiçik "biznes" quran, alıcı problemi yaşamayan qardaşlar müştərilərini əlçatan qiymətlərlə özlərinə tərəf çəkə biliblər. Burada xiyar 55 qəpik, pomidor 80 qəpik, alma 50 qəpik, soğan 35 qəpik, kartof 60 qəpik, badımcan 40 qəpik, bibər 80 qəpik, üzüm 1 manat, yerli kök 1 manat 10 qəpikdir. Soruşdum "məhsulları nə yaxşı ucuz satırsız?", səbəbini malın üçüncü adamın əlinə keçməməsi ilə əlaqələndirdilər: "Biz məhsulları yerindən gətirib topdansatış qiymətinə satırıq. Yarmarkaya kənddən mal gəlmir, bütün məhsullar 8-ci kilometr bazarındakı alverçilərdən alınır. Alverçilərin çoxu da gəlib məndən mal alır. Kəndçi bazara gələndə 50 manat qeydiyyat üçün, həkimpulu, zibilpulu və s. ödəyir, özü də burada qalanda yatmağa yer lazımdır, bunun naharı, şamı var. Hazır birinə yerindəcə satıb əlavə əziyyət və xərclərdən qurtulur". 

Mənbə: Milli.Az

 

25 sentyabr 2014
GO BACK