Qadin.NET / "Azərbaycanda hər 10 məhkəmə işindən 9-u boşanmadır"

"Azərbaycanda hər 10 məhkəmə işindən 9-u boşanmadır"

 

Şəfiqə Nağıyeva boşanmaların gülünc səbəblərini sadaladı

Dövlət Statistika Komitəsindən modern.az saytına verilən məlumata görə, bu ilin 6 ayında Azərbaycanda 7 minə yaxın ailə boşanıb. Bu statistika, yəqin ki, dünyanın hər hansı ölkəsi ilə müqayisə oluna bilməz.
Digər dünya ölkələrinin rəsmi statistikasına nəzər yetirdikdə, boşanan ailələrin sayına görə Azərbaycanın ilk yerlərdə qərarlaşdığını görmək olar.
Ailə münaqişələrini araşdıran vəkil Şəfiqə Nağıyeva isə daha maraqlı açıqlama verib. O, modern.az-a açıqlamasında son zamanlar artan boşanmaların səbəblərinə aydınlıq gətirərkən bildirib ki, hazırda məhkəmələrdə baxılan hər 10 işdən 9-u boşanmadır. Vəkil deyib ki, ailə münaqişələrinin qarşısının alınması üçün nikah müqavilələri bağlanmalıdır. Bu, Ailə Məcəlləsinin 38-ci maddəsində də nəzərdə tutulub.
“Heç olmasa toydan sonra hər hansı hadisə olarsa, bir-birilərini bəyənməzlərsə, aralarındakı münasibətlər pozulub boşanma dərəcəsinə çatarsa, tərəflər küçədə, evsiz-eşiksiz qalmaz. Onlar üçün ev şəraiti, alimenetin miqdarının dəqiqləşdirilməsi, qadına ev verilməsi məsələsi və. s müəyyənləşdirilə bilər. Bunlar hamısı şərt olaraq qoyula bilər. Ən azından sonradan baş verən məhkəmə proseslərində həmin nikah müqaviləsi onlara kömək olar. Bunu mümkün qədər sadə söyləyirəm ki, insanlar artıq başa düşsün. Biz utansaq da, “mentalitetimiz yol verməz” desək də, nikah müqaviləsi bağlanmalıdır”.
Vəkilin sözlərinə görə, boşanmalara gülünc, amma real səbəblər var:
“Qadınların ərlərindən xəbərsiz mobil telefonla Facebook-a girməsi, sosial şəbəkələrdə kənar şəxslərlə yazışması, şəkillərini paylaşması, başqa adamların yüksək səviyyəli yaşayışı kimi həyat istəmələri və digər səbəblər sonda məhkəmədə boşanma ilə nəticələnir. Bundan başqa, boşananlar içərisində valideyn razılığı olmadan, özbaşına ailə quranlar üstünlük təşkil edir. Əsasən gənclərdir. Bəzən elə səbəblər olur ki, boşamaq üçün gülünc görünür. Bir gəlin paltar istəyir, onu almırlar və prinsip aparıb boşanırlar, yaxud gəlin bu gün anasıgilə getməlidir, ərin vaxtı olmur aparmağa boşanırlar. Çoxları inanmaz, amma gerçəkdən də belə və daha gülünc səbbələrdən boşanma faktları mövcuddur. Sadəcə, həmin faktlar geniş ictimaiyyətə bəlli deyil, bunu məhkəmələr və biz vəkillər bilirik”.
Vəkil Şəfiqə Nağıyeva təəssüflə onu qeyd edib ki, boşananların əksəriyyəti övlad sahibi olanlardır.

Mənbə: Milli.Az

 

25 sentyabr 2014
GO BACK