“Azərbaycanda dövlət xəstəxanalarına müraciət edən insanların sayı artıb. 4-5 il əvvəl poliklinikalar ölü qurum idi və insanlar buraya yalnız hansısa arayışı almaq üçün müraciət edirdilər. Ancaq artıq poliklinikalara müraciət edənlərin sayı da çoxalıb”.
Trend-in məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli XX Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisinə həsr olunmuş mətbuat konfrasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, xaricə müalicə almağa gedən insanlara yalnız Azərbaycanda təsadüf olunmur. Hətta dünyanın ən qabaqcıl, pulsuz səhiyyə sisteminin olduğu ölkələrdən biri - Böyük Britaniyada da insanlar müalicə üçün İndoneziyaya, Türkiyəyə gedirlər.
A.Qədirli bildirib ki, Azərbaycandan xaricə müalicə almaq üçün gedən insanlar sərhəddən keçdikdən sonra onları klinikalara taksi sürücüləri deyil, professional insanlar yönəltməlidir.
Hazırda xarici ölkələrdə 450 mütəxəssisin öz tibbi biliklərini genişləndirmək üçün təlimlərdə iştirak etdiyini deyən nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycan səhiyyəsinin dünyada lider olduğunu demək olmasa da, onun geridə qaldığını da söyləmək olmaz:
“Azərbaycanda dünyanın bir çox ölkələrində həyata keçirilməyən cərrahiyyə əməliyyatları aparılır. Demək istəməzdim ki, Azərbaycan səhiyyəsi dünyada liderdir, ancaq bizim səhiyyə sistemində də islahatlar aparılır və sistem inkişaf edir”.
Azərbaycanda dövlət müəssisələrində 2008-ci ildən pulsuz tibb xidmətlərin tətbiq olunduğunu xatırladan A.Qədirli deyib ki, bəzi müəssisələr Səhiyyə Nazirliyinin tabeliyində olsa da, onlar təsərrüfat hesablı müəssisələr kimi fəaliyyət göstəririlər. Ona görə də onların göstərdiyi xidmətlər pulludur: “Məsələn, belə müəssisələrdən biri Mərkəzi Neftçilər Xəstəxanasıdır. Ancaq Səhiyyə Nazirliyinin tabeliyində olan və dövlət büdcəsindən maliyyələşən tibb müəssisələrində tibbi müayinə və müalicə pulsuzdur. Xidmətlərdən pulsuz istifadə etməsi üçün əhali özü də ayıq olmalı və hüquqlarını tələb etməlidir”.
A.Qədirli onu da əlavə edib ki, sentyabrın 27-də Bakı bulvarında ürək xəstəlikləri ilə bağlı problemləri diqqətdə saxlamaq məqsədilə yürüş keçiriləcək. Yürüşdə 500-700 nəfərin iştirak edəcəyi gözlənilir. Azərbaycanın ürək-damar cərrahiyyəsi sahəsində tanınmış mütəxəssislərinin də qatıldığı yürüşün təşkilatçısı Səhiyyə Nazirliyidir. A.Qədirli belə bir yürüşün ilk dəfə keçiriləcəyini qeyd edib.