Nazirlikdən Trend-ə verilən məlumata görə, Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq çərçivəsində məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan direktor müavinlərinin təlimlərdə iştirakı üçün artıq müsabiqə elan edilib.
Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsili idarəedənləri yetişdirməkdir.
Təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini əhatə edəcək.
Təlimlər 20 oktyabr 2014-cü il – 17 yanvar 2015-ci il (3 ay) tarixlərini əhatə edəcək. Müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını dolduraraq [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
Müraciət üçün son tarix 7 oktyabrdır.
Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanına ([email protected]) göndərəcəkləri ərizə forması əsasında seçiləcəklər. Növbəti mərhələdə namizədlərin Azərbaycan dilində rəsmi yazı və məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər. Hər üç mərhələnin nəticəsi olaraq 50 nəfərin seçimi nəzərdə tutulur.
Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq imtahanda iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlərə “Uğur sertifikatı” təqdim olunacaq. “Uğur sertifikatı” əldə etmiş şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq. Hazırda direktor vəzifəsində çalışmayan digər şəxslər isə direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar.